Azərbaycan parlamenti müvəqqəti olaraq fəaliyyətini Nazirlər Kabineti yanında Operativ Qərargahın xüsusi rejimli iş üzrə təlimatına uyğun həyata keçirəcək.

Milli Məclisin sədri Sahibə Qafarova bu gün keçirilən iclasda deyib ki, həmin təlimata əsasən vəziyyət normallaşana qədər komitə və komissiyaların iclaslarının keçirilməsi dayandırılır: “Baş nazir mərkəzi və yerli icra hakimiyyəti orqanlarının və dövlət qurumlarının rəhbərlərinə təlimat məktubu göndərib. Məktubda koronavirus infeksiyasına qarşı mübarizənin təşkili ilə bağlı bir sıra tələblər müəyyən edilib. Bu tələblərdən biri də, iclasların, müşavirələrin və toplantıların keçirilməsinin məhdudlaşdırılması, idarəetmənin telefon, selektor rabitəsi, mobil və internet rabitəsi vasitəsilə həyata keçirilməsinə üstünlük verilməsi haqqındadır. Bununla əlaqədar olaraq, vəziyyət düzələnədək komitə və komissiya iclaslarının keçirilməsini dayandırmaq lazımdır. Vurğulamaq istəyirəm ki, biz fəaliyyətimizi təlimat məktubuna uyğun qurmalıyıq”.