Bu gün Milli Məclisin Səhiyyə və Hüquq siyasəti və dövlət quruculuğu komitələrinin birgə iclasında da əsas müzakirə mövzusu koronavirus infeksiyası ilə mübarizə və yayılmasının qarşısının alınmasıyla bağlı ölkədəki mövcud vəziyyət, görülən tədbirlər olub. İclasda Cinayət və İnzibati Xətalar Məcəllələrinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məsuliyyəti müəyyənləşdirən yeni maddələrin əlavə olunması barədə qanun layihələri də müzakirə edilib.

İclasda iştirak edən Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib ki, Azərbaycan koronavirusla mübarizə aparmaq üçün kifayət qədər dərman və tibbi ləvazimat ehtiyatlarına malikdir. O, koronavirusla bağlı mübarizə sahəsində görülən işlər, mövcud vəziyyət barədə məlumat verərkən qeyd edib ki, gün ərzində 5 mindən çox insanı sürətlə və yüksək dəqiqliklə test etmək imkanımız var. R.Bayramlı deyib ki, işə kifayət qədər peşəkar kadrlar cəlb olunub, ölkədə dianostik və tam avtomatlaşdırılmış laboratoriyalar qurulub. R.Bayramlının sözlərinə görə, vəziyyət tam nəzarətdədir və TƏBİB 7 gün 24 saat rejimində çalışır. Karantində saxlanılanların bir qismi Bakı, digərləri rayonlardakı xəstəxanalardadır.

İclasda Cinayət və İnzibati Xətalar məcəllələrinə epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulmasına görə məsuliyyəti müəyyənləşdirən yeni maddələrin əlavə edilməsi barədə qanun layihələri də müzakirə olundu. Sənədə əsasən, rejimlərin pozulması, xəstəliklərin yayılmasına səbəb olduqda və ya xəstəliklərin yayılması üçün real təhlükə yaratdıqda 2500 manatdan 5 min manatadək cərimə və ya 3 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ilədək müddətə azadlıqdan məhrumetmə tətbiq olunacaq. Eyni əməllər insan ölümünə və ya digər nəticələrə səbəb olduqda  3 ildən 5 ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya 3 ildən 5 ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılacaqlar. İnzibati Xətalar Məcəlləsində isə bu əməllərə görə tətbiq oluncaq cərimə sanksiyaları əksini tapacaq.

Südabə Cahangirli, Cəfər Qasımov