“Xalqımız əsrlər boyu başqa ölkələrin, imperiyaların tərkibində yaşayıb, müstəqillikdən məhrum olub, azadlıqdan məhrum olub. Başqalarının diktəsi ilə yaşayıb. Artıq biz 30 ilə yaxındır ki, müstəqil ölkə kimi yaşayırıq və əbədi yaşamalıyıq. Bundan sonra heç vaxt müstəmləkə olmamalıyıq. Buna nail olmaq üçün iqtisadi gücümüz, hərbi gücümüz olmalıdır ki, bu var. Mənəvi dəyərlərimiz olmalıdır və hər şeydən üstün olmalıdır”.

Bu sözləri, Azərbaycan Prezidenti İlham Əliyev Tovuzda “ASAN xidmət” əməkdaşları və könüllüləri ilə görüşü zamanı deyib. Ölkə başçısı bildirib ki, müxtəlif adlar altında ölkələrə müdaxilə cəhdləri edilir: “Müxtəlif yollarla, müxtəlif adlar altında… Qloballaşma deyirdilər, hansı ki, bu söz də artıq lüğətdən silinib. Bəlkə də 10 il bundan qabaq qloballaşma adı ilə belə bir fikir aşılanırdı ki, qloballaşma sərhədləri aşacaq, sərhədləri aradan götürəcək, millətləri aradan götürəcək, hamı bir dildə danışacaq və hamı bir təfəkkürdə olacaq. Milli xüsusiyyətlərin sarsıdılması və məhvi üçün ziyanlı siyasət aparılırdı, bu gün də aparılır, amma başqa adlar altında. Bu gün demokratiya adı ilə ölkələri öz təsiri altına almaq istəyirlər. O ölkələr ki, özləri demokratiyanı kobud şəkildə pozurlar, insan haqlarını pozurlar. Əsassız ittihamlara görə jurnalistləri həbs edirlər, nümayişçiləri əzirlər, öldürürlər. İtləri, atları salırlar onların üstünə, rezin güllələrlə vururlar, gözlərini çıxarırlar, zəhərli qazlardan istifadə edirlər. Bunlar hamısı göz qabağındadır. Demokratiyadan bizə dərs verənlər, bunları edirlər. Demokratiyanı şüar edib, xalqları, dövlətləri özlərinə ram etmək istəyirlər. O cümlədən də bizi. Təzyiqlərlə, iftiralarla, çirkin kampaniyalarla üzləşirik. Ona görə ki, heç kəsin qarşısında baş əymirik. Heç vaxt da əyməyəcəyik”.