“Mərkəzi Seçki Komissiyası vətəndaşların azad şəkildə, qanunvericiliyə əsasən öz səsvermə hüququndan istifadə etməsi üçün bütün lazımi şəraiti yaratmışdı”.

Bunu MDB müşahidə missiyasının rəhbəri Viktor Guminski bu gün fevralın 9-da Azərbaycanda keçirilən parlament seçkilərinin yekunları ilə bağlı mətbuat konfransında deyib.

O bildirib ki, missiyada 252 müşahidəçi iştirak edib, onlardan 18-i uzunmüddətli olub: “MDB-nin müşahidə missiyası Azərbaycan hökumətinin dəvəti ilə fəaliyyətə 19 yanvarda başlayıb. Missiyanın tərkibində Belarus, Qazaxıstan, Rusiya, Moldova, Türkmənistan, Tacikistan, Qırğızıstandan müşahidəçilər iştirak edib. Missiya seçkilərə hazırlıq prosesini və seçkiləri izləyib”.

Viktor Guminski deyib ki, missiya açıq, azad və müstəqil şəkildə fəaliyyət göstərib. Onun sözlərinə görə, Mərkəzi Seçki Komissiyası təşkilatçıların maarifləndirilməsi üçün kifayət qədər diqqət ayırıb, təlimlər keçib.

Missiya rəhbəri qeyd edib ki, MDB-nin uzunmüddətli müşahidəçiləri seçki gününə qədər Azərbaycanın 20 regionunda hazırlıq prosesini izləyib, seçki günü isə müşahidəçilər bütün regionlarda fəaliyyət göstəriblər. V.Guminski Mərkəzi Seçki Komissiyasına missiyanın fəaliyyətinə göstərdiyi köməkliyə görə təşəkkürünü bildirib.

Rəna Ağayeva