Azərbaycan 2001-ci ildən etibarən Avropa Şurası Parlament Assambleyasında fəal iştirak edir və üzərinə götürdüyü bütün öhdəlikləri yerinə yetirir. Lakin təşkilat uzun müddətdir ki, ölkəmizlə bağlı ən vacib məsələlərdə ikili siyasət yürüdür, əsassız ittihamlarla çıxış edir və absurd bəyanatlar səsləndirir. Fevralın 5-də Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlunu qəbul edən Prezident İlham Əliyev də Azərbaycan xalqının bu təşkilata olan ümidlərini çoxdan itirdiyini söylədi. Məsələ ondadır ki, ölkəmiz şuranın Ermənistanın işğalçı siyasətinə obyektiv yanaşacağını gözləyir və təcavüzkarın adı ilə çağırılmasının vacibliyini önə sürür. Avropa Şurası isə nəinki işğalçı ilə bağlı hər hansı cəza tədbiri, yaxud sanksiya tətbiqini həyata keçirir, əksinə, təcavüzkar dövlətin liderlərini assambleyanın sessiyalarına dəvət edir və onların aqressiv bəyanatlarını dinləyir. Bu faktlar qurumun tam deformasiyaya uğradığından ötən 20 il ərzində Azərbaycan əleyhinə siyasi sifariş yerinə yetirdiyindən xəbər verir.

“Azərbaycan sanki geridə qalmış bir ölkə kimi təqdim edilir, Azərbaycanda gedən müsbət proseslər qeydə alınmır. Azərbaycanı ancaq qara rənglərlə boyamağa çalışırlar və yenə də əsassız, saxta məlumat əsasında məruzələr dərc olunur və qətnamələr qəbul edilir. Sanki Azərbaycanda siyasi məhbuslar var, sanki Azərbaycanda demokratik prosesə əngəl törədilir. Bütün bunlar hamısı yalandır, Azərbaycanda siyasi məhbus yoxdur, biz bunu yaxşı bilirik. Ancaq o yerlərdə ki, siyasi məhbuslar var, o ölkələr diqqətdən kənarda qalır. Mən Ermənistanı misal gətirə bilərəm”, - deyə Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.

Bəli, Ermənistanın keçmiş prezidenti bir ildən çoxdur ki, həbsdə saxlanılır. Onun haqqında cinayət işi açılıb. Buna səbəb Robert Köçəryanın indiki iqtidarın fəaliyyətini tənqid etməsidir. Qonşu dövlətdə hazırda jurnalistlərin həbsi adi hala çevrilib. Lakin bu faktların heç biri Avropa Şurasında qeydə alınmır. Dünyada qloballaşmağa çalışan, özlərini demokratiyanın beşiyi sayan avropalı siyasətçilər açıq şəkildə antiislam, antitürk ovqatında olduqlarını büruzə verir, Avropada mənzillənən antimilli ünsürlərin bəyanatlarına həssaslıq nümayiş etdirir, Ermənistanda baş verən hadisələri isə demokratiyanın əlaməti kimi təqdim edir. Hətta şura o qədər siyasiləşib ki, Qərb ölkələrində cərəyan edən prosesləri, polis özbaşınalığını, miqrantlara qarşı sərt davranışı görməzdən gəlir, az qala bu faktları yeni trend olaraq ictimai şüurlara sırımağa çalışır.

Ölkə başçısı İlham Əliyev bu məsələ ilə bağlı çıxışında qeyd edib: “Avropa Şurası Avropanın aparıcı ölkələrində polis qəddarlığına, zorakılığa, insanların polis tərəfindən öldürülməsinə diqqət yetirsin, o ölkələri qınasın, o ölkələrin hüquq mühafizə orqanlarına irad tutsun. Biz bunu eşitmirik, biz televiziyada görürük. Demək olar ki, müntəzəm olaraq Avropanın aparıcı paytaxtlarında insanlar döyülür, əzilir, təhqir edilir, öldürülür, insanların gözləri çıxarılır, insanların üstünə itlər göndərilir, atlarla insanları əzirlər. Sanki bu, demokratiya imiş. İndi biz bunu deyəndə, - mən bunu bir çox hallarda Avropadan gəlmiş və bizi tənqid etmək istəyən şəxslərə açıq demişəm, - onlar cavab vermirlər, susurlar. Amma otaqdan çıxan kimi yenə də öz bədnam fəaliyyətinə başlayıb bizi ləkələmək istəyirlər. Biz buna, əlbəttə ki, dözə bilmərik. Biz Türkiyə ilə birlikdə mübarizə aparırıq, necə ki, biz sizinlə birlikdə mübarizə aparmışıq”.

Dövlət başçısı görüşdə onu da bildirdi ki, bu gün Azərbaycan və Türkiyə arasında Avropa strukturlarında fəal əməkdaşlıq var. Əməkdaşlıq Qərb parlamentarilərinin əsassız ittihamlarının qarşısının alınmasında müstəsna rol oynayır. Məhz belə bir təmas digər dost dövlətləri də əhatə etməkdədir və hazırda AŞ PA rəhbərliyinin qərəzli siyasətinə etiraz bildirən parlament üzvləri birliyi yaranır. Müşahidəçilər belə bir nüansa da diqqət yetirirlər ki, vaxtilə AŞ PA Rusiya əleyhinə qətnamə qəbul edərək onun təmsilçilərini səs hüququndan məhrum etmişdi. Lakin sonradan maliyyə sıxıntısı çəkdiklərindən təkrarən Rusiyaya müraciət etməli oldular. Bütün bunlar şuranın tam şəkildə siyasiləşdiyini və ambisiylarla çıxış etdiyini göstərir.

Qeyd edək ki, AŞPA-da erməni lobbisinin tapşırıqlarını yerinə yetirən bəzi qüvvələrin Azərbaycana qarşı qərəzli mövqeyi ara-sıra avropalı deputatların da kəskin etirazına səbəb olur. Ötən həftə media azadlığı məsələsi ilə bağlı qəbul edilən sənədə etiraz olaraq Assambleyanın bəzi üzvləri hesab etdilər ki, qondarma iddialarla Azərbaycana təzyiq etməyə cəhd göstərmək əvəzinə, bu ölkədə son illər genişlənməkdə olan islahatlara diqqət yetirmək lazımdır.

Beləliklə, bir daha aydın olur ki, AŞ PA başda olmaqla bir çox Qərb institutları qarşılarına qoyduqları missiyanı icra etməkdən sürətlə uzaqlaşırlar. Parlamentarilərin mütəmadi şəkildə Azərbaycan kimi müstəqil inkişaf yolu ilə gedən respublikaları hədəf seçməsi Avropada demokratiya standartlarının tamamilə deqradasiyaya uğradığından xəbər verir. Belə bir vəziyyətdə Azərbaycan qardaş Türkiyə də daxil omaqla mütərəqqi qüvvələrlə əməkdaşlığı gücləndirməyi və özünün haqq səsini dünya ictimaiyyətinə çatdırmağı prioritet seçir.

Malik Həsənov