“Keçən ay Strasburqda Avropa Şurası Parlament Assambleyasının toplantısında Türkiyə nümayəndələri tam heyətlə Azərbaycanın haqq işinə öz dəstəyini göstəriblər, bir daha həmrəylik nümayiş etdiriblər. Bir daha göstəriblər ki, onlar həqiqətin, ədalətin yanındadırlar. Azərbaycan nümayəndə heyəti də öz növbəsində, hər zaman Türkiyəni dəstəkləyir”.
Bu fikirləri Prezident İlham Əliyev Türkiyə Respublikasının Xarici İşlər naziri Mövlud Çavuşoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən deyib.
Dövlət başçısı qeyd edib ki, Avropa Şurası Azərbaycanı və Türkiyəni hədəf seçib.
“Biz sizinlə Avropa Şurasının Parlament Assambleyasında fəaliyyət göstərən insanlar kimi bu təşkilatı yaxşı tanıyırıq. Əfsuslar olsun ki, 20 il ərzində bu təşkilat Azərbaycanı hədəf seçib, Türkiyəni isə daha uzun müddət ərzində. Xatırlayıram, ilk dəfə mən Azərbaycan nümayəndə heyətinin rəhbəri kimi Avropa Şurası Parlament Assambleyasında fəaliyyətimə başlayanda mənim ilk addımım Azərbaycan heyətini Türkiyə heyəti ilə görüşdürmək idi. Biz elə birinci gün görüşüb razılaşdıq, anlaşdıq ki, bütün məsələlərdə bir-birimizə daim dəstək olacağıq. Əfsuslar olsun ki, hesab edirəm o illərdən bəri Avropa Şurasında deqradasiya prosesi gedir. Bu təşkilat beynəlxalq müstəvidə öz əhəmiyyətini itirməkdədir”, - deyə Prezident İlham Əliyev vurğulayıb.
Avropa Şurasının dünyada gedən proseslərə heç bir təsir etmək gücündə olmadığını bildirən ölkə başçısı deyib ki, təşkilatın nüfuzu çox aşağı düşüb və bunun başlıca səbəbi qurumda hökm sürən riyakarlıq, ikili standartlar və ədalətsizlikdir.