Azərbaycanda fevralın 9-na təyin edilmiş parlament seçkilərində deputatlığa ən çox və ən az namizədin qeydə alındığı seçki dairələri məlum olub.

Deputatlığa ən çox namizəd 15 saylı Yasamal birinci seçki dairəsində qeydə alınıb.

Bu seçki dairəsində deputatlığa 23 namizəd var. Deputatlığa ən az namizəd isə 1 saylı Şərur-Sədərək, 2 saylı Şərur, 3 saylı Babək-Kəngərli-Naxçıvan və 4 saylı Naxçıvan Şəhər seçki dairələrində qeydə alınıb. Bu seçki dairələrinin hər birində deputatlığa 3 namizəd var.

Xatırladaq ki, hazırda deputatlığa 1325 namizəd var. Yanvarın 31-də deputatlığa namizədliyin geri götürülməsi halı qeydə alınmayıb. Yanvarın 31-dək olan dövrdə isə deputatlığa namizədliyi qeydə alınmış 1637 nəfərdən 312-si namizədliyini geri götürüb.