Afina şəhərində Yunanıstan Sahibkarlar Federasiyası, Yunanıstan Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyi, Azərbaycanın Yunanıstandakı Səfirliyi, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC və Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) birgə təşkilatçılığı ilə “Azərbaycanın kəşfi: biznes imkanlarının yunan ictimaiyyətinə tanıdılması” adlı biznes forumu keçirilib.
Səfirlikdən verilən məlumata görə, Forumda çıxış edən Azərbaycanın Yunanıstandakı səfiri Anar Hüseynov, Yunanıstan Sahibkarlar Federasiyasının vitse-prezidenti Konstantinos Bitsios, Milli İnvestisiya və Ticarətin Təşviqi Agentliyinin icraçı direktoru Georgios Filiopulos, Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində “Aqrar Tədarük və Təchizat” ASC İdarə Heyətinin sədri Leyla Məmmədova, AZPROMO prezidentinin müşaviri Fuad Pənahov iki ölkə arasında iqtisadi əlaqələrin mövcud vəziyyəti və perspektivləri, Azərbaycanda yaradılmış investisiya mühiti, kənd təsərrüfatı sahəsində aparılan islahatlar və əməkdaşlıq üçün imkanlar barəsində məlumat veriblər. Tədbirdə iştirak edən Yunanıstanın iş adamları Azərbaycan ilə işgüzar əlaqələrin qurulmasına böyük maraq göstəriblər.
Tədbir zamanı tərəflər arasında qurulmuş əlaqələr ilə yanaşı, həmçinin Azərbaycanda və Yunanıstanda ticarət sahəsində keçiriləcək sərgilərdə qarşılıqlı iştirak və cari ildə yunan iş adamlarının ölkəmizə ticarət missiyası ilə səfərinin təşkili barəsində razılıq əldə olunub. Forum çərçivəsində “Aqrar Tədarük və Təchizat ASC” tərəfindən Azərbaycan istehsalı olan müxtəlif növ məhsulların sərgi və dequstasiyası təşkil olunub.