“Azərbaycan İsrail üçün dost və tərəfdaş ölkədir”.

AZTV.AZ-ın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik keçirdiyi mətbuat konfransında bildirib. Səfir deyib ki, Azərbaycan bütün dinlərə mənsub insanların birlikdə yaşadığı ölkədir.

Onun sözlərinə görə, yəhudi icması Azərbaycanda özünü vətənindəki kimi hiss edir: “İsrail və Azərbaycan daha yaxşı bir dünyanı - qarşılıqlı hörmət, ləyaqəti təmsil edir. Ölkərəmiz arasındakı dostluq hər kəs tərəfindən tanınır və hörmət edilir.

Bildiyiniz kimi, martın 2-də İsraildə parlament seçkiləri keçiriləcək və bunun nəticələrindən asılı olmayaraq, ölkələrimiz arasındakı əlaqələr çiçəklənməyə davam edəcək”.

O, həmçinin, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun Holokostun anım mərasimində iştirakını xatırladıb. Qeyd edib ki, bu, Azərbaycanın İsrail xalqına və dövlətinə münasibətini göstərir.

Səfir iki ölkə arasındakı münasibətlərin energetika və təhlükəsizliyə əsaslandığını vurğulayıb və bildirib ki, İsrail idxal etdiyi neftin əsas hissəsini Azərbaycandan alır.

O deyib ki, ötən il Azərbaycana səfər edən israilli turistlərin sayı 60 000 nəfər təşkil edib.

Rəna Ağayeva