Azərbaycan artıq uzun illərdir müəyyən etdiyi inkişaf ənənəsinə 2019-cu ildə də sadiq qaldı. Geridə buraxdığımız il ölkəmiz üçün, mübaliğəsiz demək olar ki, bütün istiqamətlər üzrə dinamik tərəqqi ili idi.  

Gəlin, ölkəmiz üçün ötən ilin mühüm hadisələrini xatırlamağa çalışaq.

 

Sosial paketlər

Dövlət başçısı ilin əvvəlində ardıcıl iki sosial paketin tətbiq olunması ilə bağlı qərar qəbul etdi. Birinci sosial paket əməkhaqları, pensiya və təqaüdlərin artırılmasını nəzərdə tuturdu. İkinci sosial paketə əsasən sentyabrın 1-dən minimum əməkhaqqı 250 manat oldu. İlin əvvəlində minimum əməkhaqqı 130 manat idisə, birinci mərhələdə bu məbləğ 180 manata, sentyabrın 1-dən isə 250 manata çatdırıldı.

 

Kredit borcları silindi

İlin ən mühüm sosisalyönümlü hadisələrindən biri də şübhəsiz ki, vətəndaşların manatın devalvasiyasından sonra banklar qarşısında yaranmış əlavə borc öhdəliklərinin dövlət tərəfindən qarşılanması idi. Fevral ayında dövlət başçısının fərmanı ilə 600 mindən artıq şəxs devalvasiyadan sonra yaranmış kredit borcuna görə kompensasiya aldı. Qərar əlavə maliyyə daxilolması ilə bank sektorunu da aktivləşdirdi.

 

İslahatlar dalğası

Prezident İlham Əliyev hələ 2018-ci ildə ölkədə ciddi islahatların aparılacağı anonsunu vermişdi. 2019-cu ildə nəzərdə tutulmuş reform paketinin tətbiqinə başlanıldı və qısa zamanda institusional və struktur dəyişikliklərinə, daha sonra isə ciddi kadr islahatlarına şahidlik etdik. Yeni dövrün çağırışları ilə ayaqlaşa bilməyən qurumlar ləğv edildi, bəziləri mobilizasiya edildi, birləşdirildi, gənc və perspektivli kadrlar idarəçilikdə irəli çəkildi və s.

 

Yeni parlamentə doğru

Nəhayət, islahat dalğası qanunverici orqana gəlib çatdı. Təbii idi. Yeni dövrün çağırışlarına adekvat reaksiya verə bilməyən, islahatlarla ayaqlaşmaqda çətinlik çəkən parlament prosesin gedişinə sadəcə mane ola bilərdi. Belə halda hakim Yeni Azərbaycan Partiyası Milli Məclisin buraxılması təşəbbüsü ilə çıxş etdi və təşəbbüs ali səviyyədə dəstəkləndi.

 

Azərbaycan Avropanın enerji təhlükəsizliyindəki rolunu artırır

Cənub Qaz Dəhlizinin əsas seqmenti olan TANAP Xəzərin Azərbaycan sektorundakı “Şahdəniz-2” qaz-kondensat yatağından çıxarılan qazı avropalı istehlakçılara çatdıracaq. İlin ən mühüm hadisələrindən biri noyabrın 30-da baş tutdu - TANAP qaz kəmərinin Avropa ilə birləşən hissəsinin açılış mərasimi oldu. Bu xəttin TAP-a birləşməsi ilə Azərbaycan qazı Avropa bazarlarına çıxacaq. Bu isə böyük həcmdə gəlir olmaqla yanaşı, Avropanın enerji təhlükəsizliyində artan rolumuzu  ifadə edir.

 

“Bakı Prosesi” davam edir

2019-cu ildə də Azərbaycan beynəlxalq miqyasda müxtəlif qütblər arasında oynadığı körpü rolunu davam etdirdi. May ayında Bakıda “Ayrı-seçkilik, qeyri-bərabərlik və zorakı münaqişəyə qarşı fəaliyyət naminə dialoq quraq” şüarı altında V Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirildi. Forumda 100-dən çox ölkənin və 30-dan çox beynəlxalq təşkilatın yüksək səviyyəli rəsmiləri iştirak edirdilər. 2008-ci ildən Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən “Bakı Prosesi” 10 il ərzində müxtəlif qitələrdə yaşayan fərqli etnik, mədəni, dini və linqvistik mənsubiyyəti olan ayrı-ayrı insanlar və qruplar arasında qarşılıqlı anlayış çərçivəsində səmimiyyət və hörmətə əsaslanan fikir mübadiləsi üçün müsbət platforma yarada bilib. Ötən müddət ərzində Forumun coğrafiyası kifayət qədər genişlənib. Təsadüfi deyil ki, son Foruma Latın Amerikası ölkələrindən tutmuş Səudiyyə Ərəbistanı, Böyük Britaniya kimi dövlətlərin təmsilçiləri qatılıblar.

 

Türk Şurasına sədrlik Azərbaycanda

Türkdilli dövlətlər arasında əlaqələr bu gün olduqca strateji əhəmiyyət kəsb edir. Bu ölkələr arasında ikitərəfli əməkdaşlıq, eləcə də beynəlxalq səviyyədə çoxtərəfli tərəfdaşlıq əlaqələri bütün tərəflərə siyasi və iqtisadi dividendlər qazandırmaqla yanaşı, ortaq dəyərləri bölüşən xalqları da bir-birinə yaxınlaşdırır.

Bakı oktyabr ayında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının VII Zirvə Görüşünə ev sahibliyi etdi.

Azərbaycan, Türkiyə, Qazaxıstan və Qırğızıstanın üzv olduğu birliyə sentyabr ayında Özbəkistan da qoşuldu. Daha sonra isə Macarıstanın paytaxtı Budapeştdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ofisi açıldı.

Təhlilçilər haqlı olaraq, ofisin türkdilli dövlətlərlə Macarıstan, habelə Avropa İttifaqı və qurumun təsisatları arasında əməkdaşlığın yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli rol oynayacağını qeyd edirlər. Əməkdaşlıq qarşılıqlı fayda kəsb edəcək: Şura Macarıstan vasitəsilə Avropada mövqelərini möhkəmləndirəcək, öz növbəsində Macarıstan təşkilat vasitəsilə türk dünyası ilə siyasi və iqtisadi əlaqələrini gücləndirəcək, türkdilli dövlətlərin regional layihələrinə qatılaraq dividendlər əldə edəcək.

Zirvə Görüşü həm də Şuraya sədrliyin Azərbaycana ötürülməsi ilə yadda qaldı.

 

Qoşulmama Hərəkatına sədrlik də Azərbaycana keçdi

Oktyabr ayında isə Bakıda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşü keçirildi.

“Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda keçirilən XVIII Zirvə Görüşündə 60-a yaxın ölkənin dövlət və hökumət başçıları, həmçinin beynəlxalq təşkilatların rəhbərləri iştirak edirdilər. Ümumilikdə Zirvə Görüşünə 160-a yaxın ölkənin və beynəlxalq təşkilatın nümayəndələri qatılmışdılar.

Zirvə Görüşü müxtəlif qütblərin dialoqunun təmin olunması baxımından olduqca mühüm hadisə idi və Azərbaycanın bu platformada artan əhəmiyyəti həm də beynəlxalq siyasətdəki çəkisinin artması ilə müşayiət olunur. Zirvə Görüşü Hərəkat üzvlərinin yekun bəyənnamədə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Azərbaycanın ərazi bütövlüyünə dəstək verməsi ilə yadda qaldı. Nəhayət, ilin ən mühüm hadisələrindən biri - Qoşulmama Hərəkatına sədrlik Azərbaycana təhvil verildi. Bu isə Azərbaycanın BMT-dən sonra ən böyük beynəlxalq təşkilat olan bu Hərəkatın tribunasından bütün münaqişələr, eləcə də Ermənistanın işğal faktı barədə dünya ictimaiyyətinə lazımi mesajları və ədalətli həllə çağırışları çatdıra biləcəyi anlamına gəlir.

 

Dini liderlər Bakıda

Noyabr ayında keçirilən Sammitdə dünyanın 5 qitəsindən 70-dən artıq dövlətin, 25 ənənəvi din və dini təriqətin lider və təmsilçiləri, həmçinin 10-dək nüfuzlu beynəlxalq təşkilatın 500-ə yaxın yüksək səviyyəli nümayəndəsi, o cümlədən, Rusiya Federasiyası subyektlərinin başçıları və dini rəhbərləri iştirak etdi.

Azərbaycanın qlobal müstəvidə dinlərarası dialoqun inkişafına, qarşılıqlı anlaşma və insani həmrəylik kimi bəşəri dəyərlərin təşviqi və təkamülünə öz töhfəsini vermək məramı ilə ev sahibliyi etdiyi Dünya dini liderlərinin sayca ikinci Bakı Sammiti Azərbaycan dövlət başçısının təşəbbüsü ilə başlanan və həyata keçirilən “Bakı prosesi”, Multikulturalizm və İslam həmrəyliyi illəri çərçivəsində təşkil olunmuş beynəlxalq tədbirlərin, o cümlədən “Dünya dini liderlərinin I Bakı Sammiti”nin, habelə “Bakı Beynəlxalq dinlərarası və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi”nin müxtəlif mədəniyyətlər və dinlər arasında əlaqələrinin genişlənməsinə, qarşılıqlı etimad mühitinin yaradılması işinə töhfələrinin məntiqi davam və inkişafı xarakterizə olundu.

Azərbaycan növbəti dəfə beynəlxalq dialoqun, ayrı-ayrı qütblərdə dayanan, müxtəlif baxışları bölüşən sivilizasiyaların müzakirə məkanına çevrildi. Şübhəsiz ki, bu, ölkəmizin beynəlxalq miqyasda nüfuzunun ifadəsi idi və ölkəmizin siyasi çəkisinə təsir edən növbəti mühüm tədbir kimi yaddaşlarda qaldı.

Vüsal Məmmədov