Prezident İlham Əliyevin “Rossiya-24” televiziya kanalına müsahibəsinin bəzi məqamları Azərbaycan Televiziyasının “Həftə” analitik proqramında şərh olunub.

Qeyd olunub ki, dövlət başçısının müsahibədə yer ayırdığı xüsusi məqamlardan biri nəqliyyat və enerji dəhlizləri ilə bağlı idi: “Burada qeyd edilən bəzi vacib məqamlara daha dərindən, təfərrüatı ilə toxunmağa ehtiyac var. Məlumdur ki, illər öncə Azərbaycan həm Qara, həm də Aralıq dənizi bazarlarına çıxış əldə edib. Vaxtilə olduqca çətin görünən Türkiyə və ümumilikdə, Avropanın qaz bazarına daxil olmaq hədəfi də artıq reallıqdır. Amma bu imkanların həyata keçməsinə qədər irəli sürülən absurd mülahizələrin də az şahidi olmamışıq. “Rossiya-24”ün əməkdaşının bu məsələlərə açıq işarə vuran bəzi suallarına cavab elə əslində həmin yersiz mülahizələrin nədən ibarət olduğuna aydınlıq gətirir. “İki ölkə arasında tərəfdaşlıq Avropaya göndərilmək üçün Rusiya qazının alınması ilə davam edə bilərmi?”- sualına Prezident “Bəli, şübhəsiz” cavabını verdi. Çünki Azərbaycan və Rusiya çoxtərəfli əməkdaşlıq formatında praktik nümunələr ortaya qoyub. Əlbəttə, bu da əvvəllər, bəlkə də həyata keçirilməsi mümkünsüz görünən yeni-yeni layihələrin reallaşdırılmasına zəmin yaradır. Bu cür əməkdaşlığın daha bir örnəyi isə Azərbaycan və Türkiyənin dəmir yolu xətlərini birləşdirən Bakı-Tbilisi-Qarsın fəaliyyətidir.

“Bu gün rusiyalı təchizatçılar Rusiyadan yükləri Azərbaycan ərazisi ilə Türkiyə limanlarına, ilk növbədə, Mərsinə çatdırırlar. Daha sonra Avropa ölkələrinə yüklərin limanlarda yükaşırma olmadan dəmir yolu ilə daşınması perspektivi var. Bu gün biz artıq milyonlarla tona çatacaq mümkün həcmlərdən danışırıq. Həm də biz Azərbaycanla Türkiyə arasında dəmir yolu xəttinin tikilməsi təşəbbüsünü irəli sürəndə çoxlarına elə gəlirdi ki, bu, yalnız Çin və Mərkəzi Asiyadan olan yükgöndərənlərə aid ediləcək, lakin bu gün rusiyalı yükgöndərənlər artıq yüklərini bu istiqamət üzrə daşıyırlar. Buna görə də istisna etmirəm ki, Türkiyə ərazisində cəmləşəcək bizim yaratdığımız və artıq Rusiyanın da yaratdığı mövcud qaz nəqli infrastrukturu müəyyən mərhələdə ortaq infrastruktura çevrilə bilər”, - deyə ölkə başçısı bu məsələ ilə bağlı qeyd edib.

Belə ortaq infrastruktur isə hazırda Azərbaycan, Rusiya və İranın enerji sistemlərində paralel rejimdə işləyir. Əlbəttə, həm əməkdaşlıq, həm də fors-major situasiyaları qarşılamaq üçün belə sistemlər çox vacibdir. Odur ki, Prezident təkcə üçtərəfli Azərbaycan-İran-Rusiya miqyasında deyil, daha böyük həcmdə koordinasiya və çoxtərəfli əməkdaşlığın hamı üçün faydalı olacağını xüsusi qeyd etdi. Rusiyanın “Şimal axını-2” layihəsinin hansı təzyiqə məruz qaldığı fonunda Azərbaycanın enerji layihələrinin heç bir basqı ilə üzləşməməsi əlbəttə, maraqlı siyasi fon yaradır. Və müxbirin “Bəlkə sizi Rusiya ilə dostluq etməkdən çəkindirmək istəyirlər?” - sualına Prezidentin cavabı birmənalı oldu: “Fikrimcə, elə deyil. Məncə, artıq hamıya, o cümlədən Avropa məkanında da məlumdur ki, Azərbaycan müstəqil xarici siyasət yürüdür və bunu açıq elan edir. Bizim sözlərimiz heç vaxt əməllərimizə zidd olmur. Avropa ölkələri ilə bizim yaxşı, xoş münasibətlərimiz var. Biz Avropa İttifaqının üzvü olan 9 ölkə ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalamışıq və ya bu cür sənədlər qəbul edilib. Bu, Avropa İttifaqı ölkələrinin üçdəbiri deməkdir, lakin Brexitdən sonra üçdəbirdən də çox olacaq. Keçən il biz Avropa İttifaqı ilə tərəfdaşlığın prioritetləri barədə sazişi paraflamışıq”.

Məhz, həmin sazişdə də Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, sərhədlərinin toxunulmazlığının dəstəkləndiyi ifadə edilib. Müxbirin “Siz Avropa İttifaqına daxil olmağa hazırlaşmırsınız?” sualına verilən reaksiya da geniş ictimai maraq kəsb etdi: “Tamamilə doğrudur. Azərbaycan “Şərq tərəfdaşlığı” layihəsində birləşən keçmiş SSRİ-i ölkələrinin bəzilərindən fərqli olaraq assosiasiya haqqında sazişi imzalamayan ölkədir. Mən onu əvvəldən axıradək oxumuşam. Başa düşdüm ki, bu, saziş deyil. Bu, təlimatdır. Bunlar bizim əməl etməyimiz üçün yuxarıdan göndərilən təlimatlardır. Mən öz komanda üzvlərimə sual verdim. Bu təlimat bizim nəyimizə lazımdır? O, bizə nə verəcək? Burada Azərbaycan üçün hər hansı əməli fayda varmı? Mən şəxsən bunu görmədim. Ona görə də biz Avropa Komissiyasına bunun yerinə bizim üçün faydalı olacaq, Azərbaycan vətəndaşlarına bu addımı nədən ötrü atdığımızı izah edə biləcəyim ikitərəfli saziş üzərində işləməyi təklif etdik”.

Bəli, Azərbaycan prinsipial olaraq özündə konkret nəticələri ehtiva edən saziş və razılaşmaları əsas götürür. Bu gün ölkəmiz sabitliyi, təhlükəsizliyi, inkişaf dinamikası, çoxəsrlik dəyərləri ilə dünyaya nümunələr təqdim edir. Tolerant və multikultural məkan kimi tanınmaq, müxtəlif dinlər, konfessiyaların nümayəndələrinin azad, bərabər şəkildə yaşadığı bir cəmiyyətə mənsub olmaq, üstəlik, bütün bunların beynəlxalq səviyyədə təbliğatçısına çevrilmək, BMT tərəfindən alqışlanan “Bakı prosesi”ni uğurla davam etdirmək, Şərqlə Qərb arasında mənəvi körpü rolunu oynamağa qədər saysız-hesabsız faktları sadalamaq olar”.