Azərbaycan Prezidenti İlham Əliyevə doğum günü ilə əlaqədar təbriklər gəlməkdə davam edir.

Belə ki, Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev ölkəmizin başçısını təbrik edib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Zati-aliləri.

Xahiş edirəm doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Sizə ali dövləti vəzifənizdə uğurlar arzulayır, cansağlığı diləyirəm.

Bu xoş fürsətdən istifadə edərək Zati-alinizin diqqətinə çatdırmaq istəyirəm ki, bizim birgə səylərimiz nəticəsində ölkələrimiz arasındakı strateji əməkdaşlıq xalqlarımızın rifahı naminə daha da inkişaf edəcək və möhkəmlənəcəkdir.

Sizə və Azərbaycan xalqına firavanlıq və əmin-amanlıq diləyirəm.

Zati-ailələri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".

Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov da dövlətimizin başçısı İlham Əliyevi təbrik edib.

Təbrikdə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı qəbul edin.

Qeyd etmək xoşdur ki, qardaş Azərbaycan Sizin müdrik rəhbərliyinizlə sosial-iqtisadi inkişafda böyük uğurlar qazanır və beynəlxalq arenada öz nüfuzunu durmadan möhkəmləndirir.

Bu yaxınlarda Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Sammiti çərçivəsində Sizinlə görüşümü böyük səmimiyyətlə xatırlayıram. O vaxt etimada əsaslanan açıq danışıqlar zamanı Türkmənistan-Azərbaycan dostluğunu və əməkdaşlığını bundan sonra da inkişaf etdirməyə qarşılıqlı səyimiz və buna hazır olmağımız bir daha təsdiqləndi. Qəti əminəm ki, ölkələrimiz arasında qardaşlıq münasibətləri birgə səylərimizlə xalqlarımızın rifahı naminə daha da möhkəmlənəcək.

Bu xoş fürsətdən istifadə edərək, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, şəxsi xoşbəxtlik və firavanlıq, Azərbaycan Respublikasının qardaş xalqının rifahı naminə bütün təşəbbüslərinizdə və səylərinizdə yeni uğurlar diləyirəm".

Tacikistan Respublikasının Prezidenti Emomali Rəhmon Azərbaycan Prezidentini təbrik edənlər sırasındadır:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə möhkəm cansağlığı və qardaş Azərbaycan xalqının daha da firavan yaşaması naminə ali dövləti fəaliyyətinizdə yeni uğurlar diləyirəm.

Bu gün dost Azərbaycan Sizin rəhbərliyinizlə sosial-iqtisadi inkişaf yolunda inamla irəliləyir, xalqın rifahının durmadan yüksəldilməsinə yönəlmiş mühüm dəyişikliklər həyata keçirir. Sizin müdrik siyasətiniz sayəsində Azərbaycanın beynəlxalq arenada nüfuzu gündən-günə daha da möhkəmlənir.

Əminəm ki, sıx etimada əsaslanan siyasi dialoqumuz bundan sonra da Tacikistan ilə Azərbaycan arasında dostluq, qarşılıqlı hörmət və əməkdaşlıq münasibətlərinin xalqlarımızın maraqlarına uyğun surətdə hərtərəfli inkişafına və dərinləşməsinə şərait yaradacaq".

Rusiya Federasiyası Hökumətinin Sədri Dmitri Medvedevin Azərbaycan Prezidenti İlham Əliyevə təbrikində isə deyilir:

"Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

Hörmətli İlham Heydər oğlu.

Doğum gününüz münasibətilə Sizi Rusiya Federasiyasının Hökuməti adından və şəxsən öz adımdan təbrik edirəm.

Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişafına Sizin böyük şəxsi töhfənizi qeyd etmək istərdim. Sizin daimi diqqətiniz sayəsində iqtisadi-ticari və investisiya sahələrində qarşılıqlı əlaqələr möhkəmlənir, energetika, sənaye, yüksək texnologiyalar, elm, mədəniyyət və başqa sahələrdə iri müştərək layihələr həyata keçirilir.

Əminəm ki, qarşılıqlı faydalı əməkdaşlıq kompleksinin daha da genişlənməsi, yeni təşəbbüslərin və proqramların həyata keçirilməsi Rusiyanın və Azərbaycanın mənafelərinə tam uyğundur.

Hörmətli İlham Heydər oğlu, Sizə möhkəm cansağlığı, firavanlıq və ali dövləti fəaliyyətinizdə uğurlar diləyirəm".

Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisov ölkəmizin başçısını doğum günü münasibətilə təbrik edib:

"Zati-aliləri.

Sizi doğum gününüz münasibətilə səmimi qəlbdən təbrik edir və ən xoş arzularımı çatdırıram.

Sizi əmin etmək istəyirəm ki, ölkələrimiz arasındakı səmərəli əlaqələr, fəal siyasi dialoq və xalqlarımızın dostluq münasibətləri gələcəkdə də inkişaf edəcək və dərinləşəcəkdir.

Zati-aliləri, Sizə möhkəm cansağlığı və rifah, ali dövləti vəzifənizdə daha böyük uğurlar diləyir, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm".