Dekabrın 18-də Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası (TÜRKPA) Şurasının 9-cu iclası işə başlayıb.
Plenar iclasın iştirakçıları əvvəlcə Fəxri xiyabanda müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər.
Sonra qonaqlar Şəhidlər xiyabanında torpaqlarımızın azadlığı və ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman Vətən övladlarının xatirəsinə hörmət və ehtiramını bildiriblər, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub.
Nümayəndə heyətinin üzvləri şəhid türk əsgərlərinin xatirəsinə ucaldılan abidəni də ziyarət ediblər.
Daha sonra plenar iclas öz işinə başlayıb. Tədbirdə çıxış edən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop türk xalqlarının ortaq tarixi paylaşdığını bildirib. Azərbaycan torpaqlarının bir hissəsinin hələ də işğal altında qalmasını təəssüflə xatırladan Mustafa Şentop bu məsələdə Türkiyənin Azərbaycanın yanında olduğunu qeyd edib.
Milli Məclisin Sədri Oqtay Əsədov TÜRKPA-ya sədrliyi dövründəki uğurlu fəaliyyətinə görə Türkiyə parlamentinə təşəkkür edib. Bildirib ki, TÜRKPA nüfuzlu parlament təşkilatına çevrilib. Ötən illərdə başlanmış bütün işlər davam etdiriləcək. Təşkilatın beynəlxalq əlaqələrinin inkişafı yenə də diqqət mərkəzində olacaq. TÜRKPA-nın müşahidə missiyasının fəaliyyəti növbəti bir ildə də diqqətdə saxlanılacaq. Sədr əminliyini bildirib ki, TÜRKPA qarşıda duran bütün məsələləri uğurla icra edəcək.
***
Bakıda Milli Məclisin təşkilatçılığı ilə Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının 9-cu iclası, assambleyanın isə plenar iclası olub.
Bakıda keçirilən Türkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu plenar iclasının əsas mövzusu “Türk Dünyasında Parlament Diplomatiyası: Sülh və Təhlükəsizlik naminə regional əməkdaşlığın möhkəmləndilməsi” idi. Plenar toplantıdan əvvəl keçirilən Assambleya Şurasının iclasında quruma sədrlik Türkiyədən Azərbaycana keçib.
Türkdilli Ölkələrin Parlament Assambleyasının 9-cu plenar iclasında çıxış edən Milli Məclisin sədri Oqtay Əsədov, Qazaxıstan Parlamenti Məclisinin Sədri Nurlan Niqmatulin, Qırğızıstan Joqorku Keneşinin Sədri Dastanbek Jumabekov, Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, Özbəkistan Ali Məclisi Senatının Sədri Tanzila Narbayeva, eləcə də Türk əməkdaşlıq qurumları və beynəlxalq təşkilatların təmsilçiləri çıxışlarında assambleya çərçivəsində əməkdaşlığın inkişafı, bunun üçün lazımi addımların atılmasından danışıblar.
Qeyd olunub ki, müasir dünyada parlament diplomatiyasının əhəmiyyəti və rolu xeyli artıb. Parlamentlərarası əməkdaşlığın bölgədə mövcud olan münaqişələrin nizama salınmasına kömək göstərəcəyi vurğulanıb. Bunun üçün ilk növbədə, qarşılıqlı etimada əsaslanan iş birliyinin inkişaf etdirilməsi vacib sayılıb.
Bakı toplantısında Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinə qurumda müşahidəçi statusu verilib. TÜRKPA-nın 2020-ci il üçün büdcə layihəsi təsdqilənib.
İlk dəfə olaraq hazırlanmış “Turizm haqqında” və “Qeyri-maddi mədəni irsin qorunması haqqında” model qanun layihələri qəbul edilib. Vurğulanıb ki, Azərbaycanın quruma sədrliyi dövründə “Terrorizmə qarşı mübarizə haqqında” da model qanun layihəsi hazırlanacaq. Qadın və Gənclərin Parlament qrupları yaradılıb. Qazaxıstan keçirilən növbədənkənar Prezident seçkilərinə dair qurumun beynəlxalq müşahidəçi missiyasının hesabatı dinlənilib. Toplantının sonunda Bakı bəyənnaməsi qəbul olunub. Assambleyanın növbəti toplantısı gələn il Qazaxıstanda keçriləcək. Plenar iclasdan sonra keçirilən mətbuat konfransında çıxış edən iştirakçı ölkələrin spikerləri toplantını yüksək səviyyədə təşkil etdiyinə görə Azərbaycana təşəkkür ediblər.