“Vladimir Zelenskinin Azərbaycana səfəri iki ölkə arasında əlaqələrin güclənməsinə, inkişaf etməsinə xidmət edir”.
Bu barədə “Report”a Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri doktoru Hikmət Cavadov bildirib.
H.Cavadov deyib ki, Ukrayna prezidentinin Azərbaycana səfəri çoxdan gözlənilirdi.
“Düşünürəm ki, səfərdə Ukrayna-Azərbaycan münasibətlərinin həm iqtisadi, həm diplomatik səviyyədə inkişafı üçün razılaşmalar əldə olunacaq, iki dövlət arasında müqavilələr imzalanacaq. Son dövrdə Ukraynada fəaliyyət göstərən Azərbaycan diasporları birləşdi, Ukrayna Azərbaycanlılarının Koordinasiya Şurası yaradıldı. Zelenskinin Azərbaycana səfəri Ukraynada birgə hərəkət edən Koordinasiya Şurasının buradakı fəaliyyətinə də öz müsbət təsirini göstərəcək. Prezidentlər arasında olan xoş münasibət Ukraynadakı Azərbaycan diasporunun, eləcə də Azərbaycandakı Ukrayna diasporunun inkişafına öz töhfəsini verəcək. Təşkilatların fəaliyyətində daha da hərəkətlilik müşahidə olunacaq.
Ukrayna Azərbaycanın hər zaman tərəfdaşı olub, hətta öz torpaqlarını itirməzdən əvvəl Azərbaycanın ərazi bütövlüyünü tam dəstəkləyib və Ermənistanın Azərbaycana qarşı aparmış olduğu işğalçı siyasətinə qarşı çıxıb. Azərbaycan da seperatçılığa qarşı aparmış olduğu işlərdə hər zaman Ukraynanın yanındadır, ərazi bütövlüyünə dəstək verir. Düşünürəm ki, ölkə rəhbərlərinin görüşü bu məsələləri daha da qabardacaq, inkişaf etdirəcək”.
Hikmət Cavadov deyib ki, Azərbaycanda Ukrayna-Azərbaycan biznes forumunun keçirilməsi də çox müsbət haldır: “İqtisadiyyatın inkişafı, iş yerlərinin açılması, ölkələrə sərmayələrin qoyulması üçün bu cür forumların keçirilməsi məqsədəuyğundur. İstər ukraynalı iş adamlarının, şirkətlərin Azərbaycana sərmayə qoyması, istərsə də əksinə, Azərbaycan iş adamlarının Ukraynaya yatırım etməsi hər iki dövlətin marağındadır. Bu məsələni də inkişaf etdirmək çox vacibdir. Prezidentlərin bu forumda iştirak etməsi ondan xəbər verir ki, ölkə başçıları bu məsələyə nə qədər diqqət ayırırlar və vacib sayırlar”.