Ukraynanın paytaxtı Kiyevdə GUAM Parlament Assambleyasının (PA) Siyasi məsələlər və regional təhlükəsizlik, Ticarət və iqtisadi məsələlər, Elm, təhsil, mədəniyyət və idman məsələləri komitələrinin iclasları, o cümlədən Büro iclası keçirilib.
İclasda Azərbaycan nümayəndə heyətini deputatlar Azər Kərimli, Əli Məsimli və Milli Məclisin Beynəlxalq əlaqələr şöbəsinin müdir müavini Rüstəm Mahmudov təmsil edib.
Komitə iclaslarında Azərbaycan deputatları çıxış edərək təkliflərini səsləndiriblər. Siyasi məsələlər və regional təhlükəsizlik komitəsinin iclasında çıxış edən Azər Kərimli xatırladıb ki, Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən dərhal çıxarılmasına dair BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi 4 qətnamə bu günə kimi icra edilmir.
Deputat bildirib ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi nəticəsində Dağlıq Qarabağ problemi hələ də öz ədalətli həllini tapmır. Dağlıq Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyünü qeyd edən A.Kərimli vurğulayıb ki, münaqişə ilə bağlı mövcud status-kvo bu cür davam edə bilməz.
Çıxış zamanı Ermənistanın işğalçılıq siyasəti pislənilib. Azər Kərimli Ermənistanın Baş naziri Nikol Paşinyanın son təxribat xarakterli bəyanatını xatırladaraq bildirib ki, bu bəyanat regionda münaqişəni alovlandırmağa hesablanıb.
Azər Kərimli, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin beynəlxalq tribunada “Qarabağ Azərbaycandır və nida” sözlərini xatırladıb: “Günü-gündən inkişaf edən qüdrətli Azərbaycan dövləti heç vaxt bu işğal faktı ilə razılaşmayacaq”.
Tədbirdə tərəfdaş dövlətlərin nümayəndələri (Gürcüstan, Ukrayna və Moldova) işğalçılıq siaysətini pisləyib, Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib.
Ukrayna tərəfi isə GUAM-a üzv ölkələrin kibertəhlükəsizliyi üçün xüsusi bir mərkəzin yaradılmasını vacib sayıb. İclasda, həmçinin bu sahədə müzakirələrin aparılması və qərarların verilməsi üçün mərkəzin yaradılmasında GUAM+ formatının cəlb edilməsinin vacibliyi vurğulanıb.