Rusiya telekanalları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Rusiya Federasiyasına rəsmi səfəri barədə reportajlar yayımlayıb.
AZTV.AZ xəbər verir ki, Rusiyanın Birinci kanalında yayımlanan süjetdə Azərbaycan Respublikasının birinci-vitse prezidenti Mehriban Əliyevanın səfər proqramının zəngin olduğu vurğulanıb. Süjetdə bildirilib ki, Mehriban Əliyeva Azərbaycan Prezidentinin salamlarını və ən xoş arzularını Dmitri Medvedevə çatdırıb.
Qeyd olunub ki, Azərbaycanın Birinci vitse-prezidenti regionlararası forumda və Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində Azərbaycan pavilyonunun açılışında iştirak edəcək. Pavilyon kompleksin 80 illiyi münasibətilə yenidən bərpa edilib.
“Rossiya 24” telekanalında yayımlanan reportajda da vurğulanır ki, Dmitri Medvedevin Mehriban Əliyeva ilə keçirilən görüşündə iki ölkə arasında ticarət və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub.
“Rossiya 1” kanalında yayımlanan reportajda görüş barədə geniş məlumat verilib. Həmçinin Azərbaycanın Birinci vitse-prezidentinin rəsmi səfər çərçivəsində “Lujniki” Olimpiya Kompleksində Gimnastika Mərkəzi ilə də tanış olduğu bildirilib. Qeyd olunub ki, Mehriban Əliyeva artıq 17 ildir ki Azərbaycanda Gimnastika Federasiyasının prezidentidir.