Sosial Tədqiqatlar Mərkəzi “Prezidentin fəaliyyəti ictimai rəydə” hesabatını dərc edib.

Azərbaycan Respublikası Prezidentinin fəaliyyəti haqqında Sosial Tədqiqatlar Mərkəzi tərəfindən aparılan ictimai rəyin aylıq monitorinqinin nəticələrinə görə, 2019-cu ilin oktyabr ayı ərzində dövlət başçısının reytinqi daha da yüksəlib. Ümumilikdə 1316 respondentin iştirak etdiyi ictimai sorğuda vətəndaşların 77,5%-i ölkə Prezidentinə inam və etimadının daha da artdığını bildirib. Sahə işi 29 oktyabr-5 noyabr tarixlərində aparılıb. Anket 13 əsas, 5 demoqrafik sualdan ibarət olub və 3 əsas istiqamətdə aparılıb.

Sorğunun nəticələri göstərir ki, Prezident İlham Əliyevin beynəlxalq və daxili müstəvidə fəaliyyəti əhali tərəfindən milli maraqların qorunması, ümummilli rifahın təmin edilməsi baxımından əhəmiyyətli hesab olunur. Tədqiqatlar göstərir ki, islahatların dərinləşməsi və geniş miqyas alması ilə Prezidentə olan ictimai rəğbətin və dəstəyin artması arasında bağlılıq var.

Sorğunun nəticələrinə görə, respondentlər dövlət başçısının fəaliyyətində onların maraqlarından, təlabatlarından və gözləntilərindən çıxış etdiyi qənaətindədirlər. Prezidentin fəaliyyətində ictimai rəyin rolunun yüksək olması sorğunun nəticələri ilə təsdiqini tapır və bu fikir aparılan kadr islahatlarına da aid edilir.

Hesabat hazırlanarkən həyata keçirilən sorğu üçün areal Azərbaycanın iqtisadi rayonları üzrə müəyyənləşdirilib. 

Ayşəm Rüstəmova