Ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu Yeni Azərbaycan Partiyasının yaranmasından 27 il ötür. Bu gün Yeni Azərbaycan Partiyası böyük tarixi yol keçərək xalqın birlik simvoluna çevrilib.

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra dövlət suverenliyinin möhkəmləndirilməsi üçün qarşıya bir sıra hədəflər qoydu. Amma geosiyasi və geoiqtisadi faktorlar bu vəzifənin öhdəsindən gəlməyə ciddi maneə yaradırdı. Bir yandan Ermənistanın ölkəmizə qarşı əsassız ərazi iddiaları və həyata keçirdiyi işğalçılıq siyasəti Azərbaycanda hüquqi dövlət quruculuğu işinə vaxt ayırmasına əngəllər yaradır, digər tərəfdən isə bu istəyi həyata keçirəcək təcrübəli kadr potensialı yox idi. Antimilli qüvvələrin tutduğu siyasi xətt xalqda böyük hiddət doğururdu. Yaxınlaşan milli fəlakəti hiss edən bir qrup vətənpərvər Azərbaycan ziyalısı Heydər Əliyevə müraciət etdi. Onlar tarixə “91-lər” adı ilə düşdülər.

Oktyabrın 24-də ümummilli lider “Səs” qəzetində ölkə ziyalılarına cavab verdi. Bu, əslində real vəziyyətin hərtərəfli təhlili və ondan çıxış yollarını göstərən dəqiq milli fəaliyyət proqramı idi.

Yeni Azərbaycan Partiyasının yaranması 1988-ci ildən başlayaraq ölkəmizdə cərəyan edən hadisələrin məntiqi yekunu və mövcud ictimai-siyasi şəraitin konkret nəticəsi idi. Yeni Azərbaycan Partiyası hazırda ölkədə aparıcı siyasi qüvvədir. Partiyanın ideyaları, siyasəti xalq tərəfindən dəstəklənir. Bunu YAP sıralarının genişlənməsi və 700 mindən çox üzvünün olması faktı əyani sübut edir. Yarandığı gündən indiyədək iştirak etdiyi bütün seçkilərdə qalib qələn partiyanın gələcək hədəfləri də aydındır: müstəqilliyin dönməzliyi, davamlı iqtisadi inkişaf, hər bir Azərbaycan vətəndaşının üstün sosial rifahı...

Daxili və xarici siyasət strategiyasının aydın konturları YAP-ın cəmiyyətin mütləq əksəriyyətinin inamını qazanmasında müstəsna rol oynayır. Regionda yaranan gərginliklər fonunda bu gün Azərbaycan “sabitlik adası” kimi tanınır. Xalq-iqtidar vəhdəti bu sabitliyi şərtləndirir, təminatçı qismində isə Azərbaycan xalqı çıxış edir. Məhz sabitlik faktoru ölkənin iqtisadi inkişafında fundamental rol oynayır.

Rüfət Həmzəyev