Filmdə Azərbaycanın Milli Qəhrəmanı, əfsanəvi tankçı, fədakar, vətənpərvər insan, Bakının Əmircan qəsəbəsində yəhudi ailəsində anadan olan Albert Aqarunovun döyüş tarixindən bəhs olunur.
Müharibədən əvvəl İsrailə getmək üçün vizası olsa da, o, vətən torpağını müdafiə etmək üçün cəbhəyə yollanır.
1991-ci ilin oktyabrında Albert "Səbail” tank taboruna könüllü yazılır. Taborda yalnız 3 tank var idi. 533, 534, 535-ci heyətlər bölüşdürülərkən Albert 534-cü ekipaja düşür, amma o, israrla 533-ü istəyir. Səbəbini soruşarkən komandirinə, “533 yəhudilərin uğurlu rəqəmidir” deyir. Hazırda həmin tank Azərbaycan Hərb Tarixi Muzeyinin həyətində Həzi Aslanovun idarə etdiyi 17 nömrəli tankla yanaşı dayanıb.
Şuşaya daxil olmağa cəhd edən ilk erməni tankına "flaqman tank” kimi şəhərə asılacaq "fəxri” erməni bayrağı verilmişdi. Tankın komandiri isə Qagik Avşaryan idi. Lakin 442 nömrəli erməni tankı Şuşaya girməyə cəhd etdiyi anda Albertin idarə etdiyi 533 nömrəli tank tərəfindən vurulur və tankın bütün heyəti məhv edilir. Həmin tankı sonradan ermənilər rəngləyib, Şuşaya tuşlanmış vəziyyətdə təpədə yerləşdirilmişdi.
Şuşa–Laçın yoluna doğru irəliləyən Aqarunov, burada, tankının sürücüsünə həlak olmuş azərbaycanlı əsgərlərin və mülki vətəndaşların cəsədlərinin üstündən keçməməyi tapşırmışdı. Ona yol göstərmək üçün tankdan endiyi zaman erməni snayperinin açdığı atəş nəticəsində şəhid olmuşdur.
Kapitan Albert Aqarunov 1992-ci il 11 mayda Şəhidlər Xiyabanında dəfn olunub. Dəfni zamanı bir tərəfdə molla Quran, o biri tərəfdə isə ravvin Tövrat oxuyub.
"Ekipaj-533" sənədli filminin qurulişçu rejissoru Şirzad Səmədov, ssenari müəllifi isə Afaq Vasifqızıdır
"Ekipaj-533" sənədli filmini videodan izləyə bilərsiniz.