Ermənistan tərəfindən Arazdəyəndə tikiləcək metallurgiya zavodunun həm insanlara, həm də planetimizə potensial zərərli təsirlərinə və baş verə biləcək ekoloji fəlakətə etiraz olaraq bir sıra ölkələrin vətəndaş cəmiyyəti təşkilatları tərəfindən imzalanan bəyanata qoşulan beynəlxalq QHT-lərin sayı durmadan artır.

İyunun 29-da müxtəlif ölkələrin 32 qeyri-hökumət təşkilatı tərəfindən imzalanan bəyanatı dəstəkləyənlərin sayı artıq 70-ə yaxınlaşır. Bu, bir daha onu göstərir ki, artıq beynəlxalq ictimaiyyət də Ermənistanın qlobal ekoloji fəlakət törədə biləcəyindən narahatdır.

Qeyd edək ki, bəyanatda Arazdəyəndə tikintisi aparılacaq Ermənistan və ABŞ-ın birgə layihəsi olan metallurgiya zavodunun yeni ekoloji fəlakətə səbəb olacağından narahatlıq ifadə olunur.

Vurğulanır ki, bu irimiqyaslı metallurgiya zavodunun yaradılması ilə Ermənistan beynəlxalq səviyyədə qəbul edilmiş standart və prinsiplərə, xüsusən də Transsərhəd Kontekstdə Ətraf Mühitə Təsirin Qiymətləndirilməsi üzrə BMT-nin Avropa İqtisadi Komissiyası Konvensiyasında (Espo Konvensiyası) ifadə edilənlərə açıq şəkildə məhəl qoymadığını nümayiş etdirir.

Diqqətə çatdırılır ki, Azərbaycan tərəfinin razılığı olmadan sərhəddə belə bir zavodun tikintisi transsərhəd kontekstlərdə ətraf mühitə təsirin qiymətləndirilməsini nəzərdə tutan 1991-ci ildə qəbul olunmuş Espo Konvensiyasının kobud şəkildə pozulması deməkdir. Espo Konvensiyasına uyğun olaraq, zavodun ətraf mühitə təsirinin hərtərəfli qiymətləndirilməsi aparılmalıdır. Tikinti ilə bağlı qiymətləndirmə sənədi Azərbaycanın müvafiq qurumları, ekoloji fəallar tərəfindən rayona yaxın ərazidə yaşayan qonşu azərbaycanlıların rəyi nəzərə alınmaqla nəzərdən keçirilməlidir.

Belə bir zavodun tikintisi insanlara və planetimizə zərər verə bilər. Onun geniş təsirlərini, insan sağlamlığı, ətraf mühit və həqiqi dayanıqlılıq üçün yaratdığı təhlükəni nəzərə alsaq, bu, vətəndaş cəmiyyəti üçün “qırmızı xətt” deməkdir.

Metallurgiya zavodunun zəhərli kimyəvi tullantılarının yerli ekosistemə potensial təsirləri çox böyük ola bilər. Bu ekoloji təsir insan sağlamlığına və həyat təhlükəsizliyinə, fauna və floraya, torpağa, havaya və su strukturlarına mütləq təsir göstərəcəkdir. Tullantıların Araz çayına axıdılması çayda yaşayan canlılar və suvarma üçün Araz suyundan istifadə edən iri təsərrüfatlar üçün narahatlıq yaradır.

Bütün bunlar nəzərə alınaraq, QHT-lər BMT-nin Ətraf Mühit Proqramı, Ümumdünya Səhiyyə Təşkilatı, BMT-nin Ətraf Mühit üzrə Xüsusi Məruzəçisi və BMT-nin Zərərli Maddələr və İnsan Hüquqları üzrə Xüsusi Məruzəçisi kimi müvafiq beynəlxalq təşkilatları bu vəziyyətə reaksiya verməyə və müvafiq tədbirlər görməyə çağırırırlar. Bildirilir ki, Ermənistanın davam edən ekoloji pozuntularına son qoyulmalıdır.

Bəyanatda, həmçinin Amerika Birləşmiş Ştatlarına bu riskləri qəbul etməyə və Arazdəyəndə adı çəkilən metallurgiya zavodunun tikintisinə dəstəyi dayandırmağa çağırış yer alır.