Özünü demokratiyanın beşiyi adlandıran Fransada “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-nin əməkdaşlarının hücuma məruz qalması bu ölkədə azad mediaya olan basqılardan xəbər verir. Parisdə iğtişaşları işıqlandıran Azərbaycan jurnalistlərinə xəsarət yetirilməsi, texnikalarının əllərindən alınması və silahla təhdid edilməsi söz və mətbuat azadlığına olan təzyiq kimi qiymətləndirilməlidir. Əgər yerli hökumət bu kimi xoşagəlməz halları törədən şəxsləri tapıb məsuliyyətə cəlb etməsə, işin arxasında daha yuxarı instansiyaların durduğunu söyləyə biləcəyik.

Bunu açıqlamasında politoloq Ramiz Alıyev Fransada AzTV əməkdaşlarının hücuma məruz qalmasını şərh edərkən bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə yalnız Azərbaycan jurnalistlərinə deyil, ümumilikdə söz və ifadə azadlığına, azad jurnalistika fəaliyyətinə kobud müdaxilədir: “Son illər Fransada sosial və siyasi problemlər haqlı olaraq insanlarda narazılıq yaradır. Küçələrə çıxan etirazçı kütlə avtomobillərə, mağazalara od vurur, polislə qanlı toqquşmalara gedir. Polis aksiyanı dağıtmaq üçün aşırı gücdən istifadə edir, etirazçılara qarşı qəddarlığa yol verir. Təbii ki, törədilən iğtişaşlar Fransa hökumətinin yürütdüyü yanlış siyasətin nəticəsidir. Dünyanın aparıcı media orqanları hər gün Fransadakı iğtişaşlardan reportajlar hazırlayır, aksiyaları ətraflı şəkildə işıqlandırırlar. Amma görünür, baş verənlər Fransa hökumətini ciddi narahat edir. Etirazlara səbəb olan faktorları aradan qaldırmaq əvəzinə onu işıqlandıran media nümayəndələrinə basqılar, təzyiqlər edən dairələr yanlış olaraq düşünürlər ki, bu yolla ölkənin zədələnən imicini, nüfuzunu bərpa edə biləcəklər”.

R.Alıyev qeyd edib ki, əgər Bakıda fransız jurnalistlərə hücum edilsəydi, Prezident Emmanuel Makron dərhal bəyanatlar verər, Azərbaycan polisindən təqsirkarların məsuliyyətə cəlb olunmasını tələb edərdi: “Əlbəttə ki, Azərbaycanda xarici jurnalistlərin sərbəst fəaliyyəti üçün hər cür şərait mövcuddur. Ölkəmizdə heç vaxt əcnəbi jurnalistlərə kobudluq, qəddarlıq nümayiş etdirilməyib. Maraqlıdır ki, görəsən, E.Makron Fransada Azərbaycan jurnalistlərinə edilən təzyiq və təhdidlərlə bağlı açıqlama, izahat verəcəkmi? Avropadakı beynəlxalq media təşkilatları baş vermiş xoşagəlməz hadisəni pisləyəcəklərmi? Əgər Fransa hökuməti Azərbaycan jurnalistlərinə qarşı edilən vandallığa göz yumacaqsa, deməli onlar bu məsələdə maraqlıdırlar və azad sözü boğanların tərəfindədirlər”.

Politoloq bildirib ki, Fransanın son illər siyasi konyunkturaya uyğun addımları bütövlükdə Avropa və dünyada gedən demokratik proseslərə pis nümunədir: “Ümid edirəm ki, Fransada demokratik ənənələri dəstəkləyən siyasi qüvvələr, təşkilatlar baş verənləri birmənalı şəkildə pisləyəcəklər. İmkan vermək olmaz ki, Avropada bu cür çirkin addımlar təhlükə həddinə çatsın, tendensiya halını alsın. İnanmaq istəməzdim ki, Azərbaycan jurnalistlərinə edilən hücum Fransadakı müstəmləkəçilik siyasətindən, islamofob, türkfob yanaşmalarından qaynaqlanır. Heç kimə sirr deyil ki, Fransada tez-tez müsəlman və türk icmalarına qarşı belə xoşagəlməz hallara yol verilir. Belə qərəzli münasibətlə təkcə Azərbaycan deyil, digər ölkələr də zaman-zaman qarşılaşırlar. Fransada demokratiya, söz azadlığına kölgə salan bu kimi addımlar dünyada bu ölkəyə olan inamı da sarsıdır. Ümid edirəm ki, Fransa polisi Parisdə Azərbaycan jurnalistlərinə qarşı bu vəhşiliyi törədənləri tapıb məsuliyyətə cəlb edəcək, dəymiş ziyanın aradan qaldırılması üçün müvafiq addımlar atacaq”.