Qarabağ iqtisadi rayonunda yerləşən “Qızılbulaq” və “Dəmirli” yataqlarının istismarının dayandırılması və orada monitorinqlərin aparılmasına icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda təşkil etdiyi etiraz aksiyası 131 gündür davam edir.

Ötən gecə boyu yüksək fəallıq nümayiş etdirən aksiya iştirakçıları ənənəyə sadiq qalaraq, bu səhəri də Dövlət Himinin səsləndirilməsi ilə açıblar.

Aksiyanın məramı əvvəlki kimi dəyişməz olaraq qalır. Etirazçılar Azərbaycanın faydalı qazıntı yataqlarının erməni separatçıları tərəfindən qanunsuz istismarına yox deyir, bunun dərhal dayandırılmasını tələb edirlər. Aksiya iştirakçıları qaldırdıqları plakatlarda üzərində Azərbaycan, rus və ingilis dilində yazılmış “Azərbaycan milləti qoruyacaq sərvəti!”, “Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!”, “Azərbaycan vahiddir, sərvətinə sahibdir!”, “Ekocinayətə son!” kimi şüarlar səsləndirirlər. Gənc fəalların dinamik və olduqca coşqulu görünmələri onların tələblərində israrlı olduqlarını göstərir.

Ekofəallar və könüllü gənclər haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Bildirirlər ki, onların tələbləri Azərbaycan ictimaiyyətinin haqlı narazılığının ifadəsidir və onların bu mövqeyinə hörmətlə yanaşılmalıdır. Aksiyanın keçirildiyi ərazi humanitar məqsədlər üçün açıqdır, sərbəst hərəkətə heç bir maneə yoxdur.