Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Toplantısı çərçivəsində oktyabrın 23-də Bakıda nazirlərin hazırlıq görüşü keçirilib.

Görüşdə çıxış edən Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov qeyd edib ki, Azərbaycan Qoşulmama Hərəkatının sonuncu iştirakçısıdır, çünki o, 2011-ci ilin may ayında Hərəkatın tamhüquqlu üzvü oldu. Cəmi 8 ildə Qoşulmama Hərəkatının tam etimadını qazanaraq ona sədrlik etmək imkanını əldə etdik. Azərbaycan müstəqil xarici siyasət yürüdür və heç bir hərbi ittifaqın üzvü deyil. Eyni zamanda, biz sürətlə inkişaf edən ölkəyik, davamlı inkişafa, demokratikləşməyə, insan hüquqlarına və sosial ədalətə hörməti artırmağa xüsusi əhəmiyyət veririk.

Azərbaycan Xarici İşlər naziri Elmar Məmmədyarov Zirvə Görüşü çərçivəsində bir sıra görüşlər keçirib.

Ticani Məhəmməd-Bande: Azərbaycan BMT çərçivəsində fəal rol oynayır

Xarici İşlər naziri BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande ilə görüşüb. Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Milli səviyyədə Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi barədə məlumat verən nazir Elmar Məmmədyarov ölkəmizdə həyata keçirilən iqtisadi və sosial təmayüllü islahatlar barədə danışıb. Nazir Elmar Məmmədyarov Azərbaycanın dayanıqlı inkişaf üzrə 2030-cu il gündəliyinin icrasına tam sadiq olduğunu qeyd edib və Azərbaycanın Cənub-Cənub istiqamətində əməkdaşlığın və iqtisadi inteqrasiyanın təşviq edilməsi və canlandırılması istiqamətində konkret və praktiki addımların atılmasına əhəmiyyət verdiyini ifadə edib.

Nazir Elmar Məmmədyarov, həmçinin sədrliyimiz dövründə Qoşulmama Hərəkatı və Qrup 77 arasında əməkdaşlığın genişləndirilməsi imkanlarının nəzərdən keçiriləcəyini bildirib.

BMT Baş Assambleyasının prezidenti Ticani Məhəmməd-Bande Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünün mükəmməl səviyyədə təşkilinə, qonaqpərvərliyə və ev sahibliyi edilməsinə görə Azərbaycan Respublikası Hökumətinə təbriklərini ifadə edib. O, ölkəmizin BMT çərçivəsində fəal rolunu vurğulayıb. Azərbaycanın dayanıqlı inkişaf məqsədlərinin icrası ilə bağlı ikinci könüllü milli hesabatının təqdim edildiyi məmnunluqla qeyd edilib.

Azərbaycan-Serbiya əlaqələri müzakirə olunub

Elmar Məmmədyarov Serbiya Respublikasının Baş Nazirinin birinci müavini, Xarici İşlər naziri İvitsa Daçiç ilə görüşüb.

Tərəflər iki ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində nümayiş etdirilən qarşılıqlı dəstəyin məmnunluq doğurduğunu bildiriblər. Bu xüsusda, nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunub, münaqişənin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipi əsasında tezliklə həllinə dair Serbiyanın prinsipial mövqeyinə görə minnətdarlığını ifadə edib.

Nazirlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığın müxtəlif istiqamətlərdə, xüsusilə də iqtisadi sahədə daha da inkişaf etdirilməsinin əhəmiyyətinə toxunublar. Azərbaycan ilə Serbiya arasında iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın fəaliyyəti və biznes forumlarının təşkilinin ikitərəfli əməkdaşlığın zəngin potensialından daha səmərəli şəkildə faydalanmağa əlavə təkan verə biləcəyi vurğulanıb və bu istiqamətdə səylərin artırılacağına dair razılıq əldə olunub.

Nazir İ.Daçiç Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyinin uğurlu olacağına və ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf edəcəyinə ümidvar olduğunu ifadə edib və nazir Elmar Məmmədyarovu öz ölkəsinə səfərə dəvət edib.

Monserrat: “Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi qlobal sülh və əmin-amanlığa xidmət edəcək”

Azərbaycanın Xarici İşlər naziri Venesuela Bolivar Respublikasının Xarici İşlər üzrə Xalq Hakimiyyəti naziri Xorxe Arreaza Monserrat ilə də görüşüb.

Görüşdə nazirlər Azərbaycan və Venesuela arasında ikitərəfli münasibətlərin hazırkı durumu, gündəlikdə duran məsələlər barəsində fikir mübadiləsi aparıblar.

Nazir X.Monserrat Nazirlər Konfransının yüksək səviyyədə təşkilinə görə Azərbaycan hökumətinə təşəkkür edib. O, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə təşkilatın təməl prinsiplərini təbliğ edəcəyinə, qlobal və regional sülh və əmin-amanlığa xidmət edəcəyinə əminliyini bildirib, ölkəmizə uğurlar diləyib.

Nazir Elmar Məmmədyarov Azərbaycanın həm BMT, həm digər beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən sədrlik edəcək Qoşulmama Hərəkatında həmişə əməkdaşlıq və inkişafa xidmət edən təşəbbüslərin təşviqinə çalışdığını vurğulayıb.

Azərbaycan və Kuba Xarici İşlər nazirlərinin görüşü olub

Kuba Respublikasının Xarici İşlər naziri Bruno Rodriges Parilya ilə görüşdə iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin kifayət qədər qədim tarixi köklərə malik olduğunu qeyd edilib, müasir mərhələdə də qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə olunub.

Söhbət zamanı Azərbaycan ilə Kuba arasında həm ikitərəfli iqtisadi-ticari əməkdaşlığın həyata keçirilməsi, həm də qlobal təşəbbüslər çərçivəsində birgə səylərin vacibliyi vurğulanıb. Tərəflər BMT və digər beynəlxalq təşkilatlarda qarşılıqlı əsasda göstərilən dəstəyin davam etdiriləcəyini bildiriblər. Eyni zamanda, BMT-nin 2030-cu il Gündəliyi çərçivəsində iqtisadi və humanitar inkişaf məqsədlərinə nail olunmasının vacibliyi qeyd edilib.

Nazir Elmar Məmmədyarov Ermənistanın Azərbaycana qarşı təcavüzü barədə məlumat verərək, işğalçı ölkənin qeyri-konstruktiv mövqeyi səbəbindən danışıqlarda irəliləyişin əldə olunmadığını bildirib. Belə yanaşmanın beynəlxalq hüququn norma və prinsipləri, həmçinin BMT TŞ-nin müvafiq qətnamələrinə zidd olduğunu qeyd edib.

Azərbaycan ilə Afrika İttifaqı arasında əməkdaşlıq əlaqələri müzakirə olunub

Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarovun Afrika İttifaqının Siyasi məsələlər üzrə Komissarı Sessuma Minata Samate ilə görüşündə ölkəmizin Afrika İttifaqı ilə əməkdaşlıq əlaqələrinin dərinləşdirilməsində maraqlı olduğunu diqqətə çatdırıb.

Azərbaycanda olmasından məmnunluğunu bildirən S.M.Samate ölkəmizdə iqtisadi sahədə yüksək inkişaf müşahidə etdiyini diqqətə çatdırıb. Eyni zamanda, o, Afrika İttifaqının bir sıra sahələrdə, ələlxüsus ictimai xidmətlər sektorunda ölkəmizin təcrübəsinin öyrənilməsində maraqlı olduğunu vurğulayıb. Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığı vurğulanıb

Azərbaycanın Xarici İşlər nazirinin daha bir görüşü İran İslam Respublikasının Xarici İşlər naziri Məhəmməd Cavad Zərif ilə olub.

Nazirlər iki dövlət arasında ümumi tarixi, dini, mədəni əlaqələrə əsaslanan dostluq və mehriban qonşuluq münasibətlərinin ikitərəfli əməkdaşlığın gündəliyində duran məsələləri üzrə fikir mübadiləsi aparıblar.

Nazirlər iki ölkənin dövlət başçıları arasında olan qarşılıqlı hörmət və etimadın Azərbaycan-İran münasibətləri üçün həlledici rol oynadığını söyləyiblər. Bu xüsusda, iranlı nazir Azərbaycan tərəfinə qonaqpərvərliyə və Qoşulmama Hərəkatının Zirvə Görüşünü yüksək səviyyədə təşkil etdiyinə görə təşəkkürünü bildirib.

Söhbət əsnasında uğurla inkişaf edən regional əməkdaşlığın həm ikitərəfli, həm də çoxtərəfli formatlarının geniş perspektivlər açdığı qeyd edilib. Bu mənada bölgədə Azərbaycanın təşəbbüsü və iştirakı ilə həyata keçirilən nəhəng nəqliyyat dəhlizləri, o cümlədən dəmir yollarının gözəl fürsətlər yaratdığı vurğulanıb.

Tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

Azərbaycan-Keniya münasibətlərin perspektivlərinə dair müzakirələr aparılıb

Elmar Məmmədyarov Keniyanın Xarici İşlər nazirinin müavini Ababu Namvambanın başçılıq etdiyi nümayəndə heyəti ilə də görüşüb.

Qonağı salamlayan nazir Elmar Məmmədyarov iki ölkə arasında müqavilə-hüquq bazasının genişləndirilməsinin və qarşılıqlı yüksək səviyyəli səfər mübadiləsinin həyata keçirilməsinin zəruriliyini bildirib.

Öz növbəsində, Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi münasibətilə təbrik edən A.Namvamba sədrliyimiz dövründə Keniyanın ölkəmizin səylərini dəstəkləyəcəyini diqqətə çatdırıb.

Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi haqqında keniyalı diplomatı məlumatlandıran nazir Elmar Məmmədyarov BMT Təhlükəsizlik Şurasının münaqişənin həlli ilə bağlı qəbul etdiyi müvafiq qətnamələrin hələ də icra olunmadığını və beynəlxalq hüququn əsas prinsiplərinə bütün üzv dövlətlər tərəfindən hörmət olunmasının vacibliyini xüsusilə qeyd edib.

BƏƏ və Azərbaycan münasibətləri müzakirə olunub

Nazir Elmar Məmmədyarov Birləşmiş Ərəb Əmirliklərindən olan həmkarına Azərbaycan Respublikasının diplomatik xidmət orqanlarının 100 illik yubileyinə həsr olunmuş medalı təqdim edib. Qarşı tərəf təltif üçün nazir E.Məmmədyarova səmimi təşəkkürünü ifadə edib.

Görüşdə Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında əlaqələrin inkişafından məmnunluq ifadə olunub.

Nazir Ənvər Qarqaş Qoşulmama Hərəkatının nazirlər toplantısının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib və ölkəmizin təşkilata sədrliyi münasibətilə Azərbaycan tərəfinə təbriklərini çatdırıb.

Elmar Məmmədyarov yüksək səviyyəli qarşılıqlı səfərlərin iki ölkə arasında əlaqələrin inkişafında mühüm rol oynadığını diqqətə çatdırıb. Bakıda keçirilən Qoşulmama Hərəkatı nazirlər konfransında Birləşmiş Ərəb Əmirliklərinin Xarici İşlər üzrə Dövlət naziri Ənvər Qarqaşın iştirakının önəmini qeyd edib.

Nazir Ənvər Qarqaş ölkələrimiz arasında ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini bildirib və BƏƏ-dən Azərbaycana gələn turistlərin sayının ildən-ilə artmasını məmnunluqla vurğulayıb.

Azərbaycanın Əfqanıstana göstərdiyi dəstək yüksək qiymətləndirilir

Azərbaycan Xarici İşlər nazirinin Əfqanıstan İslam Respublikasının Milli Təhlükəsizlik müşaviri Həmdullah Mohib ilə görüşündə Azərbaycan-Əfqanıstan münasibətlərinin cari inkişaf səviyyəsindən məmnunluq ifadə olunub.

Əfqanıstan rəsmisi ölkəsində cərəyan edən son proseslər haqqında məlumat verib. Bu xüsusda, Azərbaycanın ikitərəfli və çoxtərəfli əsaslarda Əfqanıstana göstərdiyi dəstəyin ölkəsi tərəfindən yüksək qiymətləndirildiyini vurğulayıb.

Tərəflər regionda həyata keçirilən Lapis-Lazuli və TAPİ kimi irimiqyaslı nəqliyyat və enerji dəhlizləri layihələrinə toxunaraq, sözügedən təşəbbüslərin regional əməkdaşlığa xidmət etdiyini vurğulayıblar. Habelə tərəflər arasında qarşılıqlı maraq doğuran digər regional və beynəlxalq məsələlər ilə bağlı fikir mübadiləsi aparılıb.

Azərbaycan-İraq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Elmar Məmmədyarovun İraq Respublikasının Xarici İşlər naziri Məhəmməd Əli Əlhakim ilə görüşündə iki ölkə arasında iqtisadi-ticari, o cümlədən sərmayələr, habelə humanitar və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyindən bəhs edən nazirlər qarşılıqlı faydalı əlaqələrin hər iki xalqın mənafeləri naminə daha da inkişaf edəcəyinə dair əminliklərini bildiriblər.

İraq XİN-in başçısı Azərbaycanın Qoşulmama Hərəkatında sədrliyi dövründə ali dəyərlərin təbliğinin qlobal sülh və əmin-amanlığa xidmət edəcəyini ifadə edib və ölkəmizə sədrliyi dövründə uğurlar diləyib.

Azərbaycan-CAR əlaqələri müzakirə olunub

Xarici İşlər naziri Elmar Məmmədyarov Cənubi Afrika Respublikasının (CAR) Beynəlxalq Əlaqələr və Əməkdaşlıq nazirinin müavini Elvin Bots ilə də görüşüb.

Tərəflər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin cari vəziyyətindən məmnunluq ifadə edərək, iqtisadi, ticarət və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsi perspektivlərini vurğulayıblar.

Qeyd olunub ki, həyata keçirilən qarşılıqlı ikitərəfli səfərlər və beynəlxalq forumlar çərçivəsində uğurlu əməkdaşlıq hər iki ölkənin mənafelərinə uyğun olaraq uğurla davam etdirilir. Bu mənada, nazir Elmar Məmmədyarov CAR-a etdiyi səfəri bu əməkdaşlığın bariz nümunəsi kimi xatırladıb.

Sonra Elmar Məmmədyarov Afrika İttifaqı ölkələri arasında CAR-ın Azərbaycan üçün əsas tərəfdaşlardan olduğunu məmnuniyyətlə qeyd edərək, enerji və digər sahələrdə əməkdaşlığa əlavə təkan verilməsinin vacibliyini qeyd edib. CAR rəsmisi, öz növbəsində, ticarət əlaqələrinin daha da fəallaşdırılmasının əhəmiyyətini vurğulayıb.

Nazir Elmar Məmmədyarov, həmçinin QH ilə G-77 arasında əlaqələndirilmiş fəaliyyətin əhəmiyyətinə diqqət yetirib.

Azərbaycan ilə Şri-Lanka arasında əlaqələr inkişaf edir

Elmar Məmmədyarov və Şri-Lanka Demokratik Sosialist Respublikasının Xarici İşlər naziri Tilak Marapana ilə görüşündə həmsöhbətlər iki ölkə arasında mövcud olan əməkdaşlıq münasibətlərinin qarşılıqlı faydalı şəkildə inkişaf etdiyindən məmnunluq ifadə ediblər. Azərbaycanla Şri-Lanka arasında həm siyasi, həm də ticari-iqtisadi sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlərin mövcudluğu vurğulanıb. Bu mənada iki ölkə arasında mülki aviasiya sahəsində və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi qeyd edilib.

Tərəflər XİN-lərarası məsləhətləşmələr mexanizmindən faydalanması, habelə Hökumətlərarası Komissiyalar çərçivəsində səylərin əlaqələndirilməsinin ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verə biləcəyini bildiriblər.

Söhbət zamanı BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq platformalarda həmrəyliyin göstərilməsinin vacibliyi qeyd edilib. Bu mənada, nazir Elmar Məmmədyarov Azərbaycanın QH-də sədrliyi dövründə Təşkilatın müasir təhdidlərə cavab verilməsi, BMT və digər təşkilatlarla təmasların möhkəmləndirilməsi istiqamətində səylərini əsirgəməyəcəyini bildirib.