Moldovanın paytaxtı Kişinyov şəhərində Azərbaycan Respublikasının Moldovadakı Səfirliyi, Moldova Azərbaycan Konqresinin təşkilatçılığı və Heydər Əliyev Fondunun dəstəyi ilə Moldova Tarix muzeyində Xocalıya həsr olunmuş konfrans keçirilib. Tədbir “Xocalıya ədalət” kampaniyası çərçivəsində təşkil olunub.
Konfransda Azərbaycan Respublikası Milli Məclisin deputatları, Moldova rəsmiləri, ictimai-siyasi xadimlər, Azərbaycan diasporunun üzvləri, Moldovada akkreditə olan diplomatik nümayəndəliklərin rəhbərləri – qardaş Türkiyə, Bolqarıstan, Qətər, İsrail, Rumıniya, Qazaxıstan dövlətlərinin səfirləri, o cümlədən bu ölkədə yəhudi ictimai təşkilatların rəhbərləri və KİV nümayəndələri iştirak ediblər.
İlk öncə qonaqlar Moldova Tarix muzeyinin foyesində təşkil olan Xocalı soyqırımını əks etdirən foto şəkillər ilə tanış olublar.
Tədbir iştirakçılarına Heydər Əliyev Fondunun təqdim etdiyi Xocalı soyqırımı haqqında broşürlər, lifledlər, “Sonsuz dəhliz” filminin diskləri, döş nişanları paylanılıb. Sonra konfransda Xocalı qoyqırımı haqqında “Histogram #Khojaly” filmi nümayiş olunub.
Tədbir yerli KİV-lərdə geniş işıqlandırılıb.