Yeni Azərbaycan Partiyasının (YAP) inzibati binasında Milli Şuranın oktyabrın 19-da icazəsiz keçirdiyi aksiya ilə bağlı tədbir keçirilir.
AZTV.AZ xəbər verir ki, tədbirdə Yeni Azərbaycan Partiyasının Sədr müavini - İcra katibi Əli Əhmədov, icra katibinin müavinləri Siyavuş Novruzov, Mübariz Qurbanlı deputatlar və YAP-ın üzvləri iştirak edirlər.
Tədbirdə çıxış edən Ə.Əhmədov bildirib ki, radikal müxalifətin oktyabrın 19-da Bakının mərkəzində qanunsuz aksiya keçirməyə cəhd etməsi onların xarici dairələr tərəfindən idarə olunduğunu bir daha ortaya qoydu.
“Azərbaycan vətəndaşlarının əksəriyyəti kimi, Yeni Azərbaycan Partiyasının üzvləri də ölkəmizdə sabitliyi dəstəkləyirlər. Buna görə də, hər bir Azərbaycan vətəndaşı ölkəmizdə keçirilən qanunsuz mitinqlərə öz etirazını bildirməlidir. Bir müddət öncə Prezident İlham Əliyevin “Valday” Diskussiya Klubunda ortaya qoyduğu qəti mövqedən sonra bu kimi halların baş verməsi təsadüfi deyil”, - deyən Ə.Əhmədovun sözlərinə görə, belə aksiyaların məqsədi ölkəmizdə siyasi sabitliyi pozmaq, qarşıdurma yaratmaqdır.
“Bu isə, təbii ki, Azərbaycanı istəməyən, ölkəmizin inkişafını gözü götürməyən qüvvələrin işidir. Aydın görünür ki, qanunsuz mitinqləri təşkil edənlər xarici qüvvələr tərəfindən idarə olunur. Mitinqlərin keçirilməsi üçün xüsusi yerlər ayrılır. Bu həm insanların hərəkətinə mane olmamaq, həm də elə mitinq iştirakçılarının özlərinin təhlükəsizliyi baxımından vacibdir. Lakin qanunsuz aksiyalara qatılanlar bunu nəzərə almırlar. Bu isə insanlarda narahatlığa səbəb olur, onların rahat hərəkətinə maneçilik törədir”, - deyə Əli Əhmədov qeyd edib.