Dünyanın 20-dən çox ölkəsindən 40-a yaxın beynəlxalq səyahətçinin işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb.
Heyətin rəhbəri dünyanın ən nəhəng 4 səyyah klubundan biri olan ABŞ-ın MTP (Most Travelled People) klubunun təsisçisi Charles Veleydir.
Beynəlxalq səyahətçilər ilk olaraq Şuşa şəhərinə yollanıblar. Onlar səfər zamanı Şuşa şəhəri, buranın tarixi məkanları və təbiəti ilə tanış olacaqlar.
Beynəlxalq səyahətçilər 3 gün ərzində avtomobillərlə Şuşa-Ağdam, Xocavənd-Füzuli, Zəngilan-Cəbrayıl marşrutları üzrə hərəkət edəcəklər. Səfər işğaldan azad edilmiş ərazilərin “black tourism” çərçivəsində tanıdılması baxımından müstəsna əhəmiyyət daşıyır.
Qeyd edək ki, ötən 1 ildə dünyanın biznes və turizm elitasını özündə birləşdirən əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC (Extremal Travellers International Congress), MTP (Most Travelled People), TCC (Travelers' Century Club), Nomadmania klublarının təsisçiləri, prezidentləri və tanınmış üzvləri səviyyəsində qrupların Qarabağ və Şərqi Zəngəzura 3 dəfə səfərləri təşkil edilib.
Xatırladaq ki, bu səfərlərdə indiyədək ümumilikdə 25-ə yaxın ölkədən 100 nəfərdən çox beynəlxalq səyahətçi iştirak edib. Bu sayca 4-cü analoji səfərdir və bu dəfə heyətdə daha çox ölkədən nümayəndələr iştirak edir.