Xaçmaz rayonunda meşəlik ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi tərəfindən görülmüş operativ və təxirəsalınmaz tədbirlər sayəsində məhdudlaşdırılıb.
Xaçmaz Rayon Fövqəladə Hallar Komissiyasından bildirilib ki, yanğın nəticəsində ilkin hesablamalara əsasən, təxminən 3 hektar sahədə meşəlik, 3 hektar sahədə isə kol-kos yanıb. Sıx meşəlik ərazi, ictimai-iaşə və kommunikasiya obyektləri yanğından mühafizə olunub.
Hazırda yanğın baş verən ərazidə soyutma tədbirləri görülür. Ərazidəki ictimai-iaşə və kommunikasiya obyektləri üçün təhlükə yoxdur.
Yanğınla mübarizə tədbirlərinə ümumilikdə FHN-in Aviasiya dəstəsinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarə və 2 ədəd helikopter, Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin qüvvələri, Daxili İşlər Nazirliyinin və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları cəlb olunub.