Müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından 104 il ötür.
Bu il Cümhuriyyətimizin yaranma ildönümünü ərazilərini bərpa edən, torpaqları azad millət kimi artıq 2 ildir daha böyük qürur və şərəflə qeyd edirik.
Mövcudluğu ilə daim qürur duyduğumuz Azərbaycan Xalq Cümhuriyyəti çətin və mürəkkəb tarixi mərhələdə yarandı. Xalq Cümhuriyyəti türk, islam dünyasında ilk parlamentli respublika və ilk hüquqi, dünyəvi dövlət nümunəsi oldu. Azərbaycan dili dövlət dili elan edildi. Demokratik Respublikanın üçrəngli bayrağı qəbul olundu, Azərbaycan parlamenti formalaşdı. Gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə cəmi 23 ay fəaliyyət göstərən müstəqil Azərbaycan Xalq Cümhuriyyəti qısa ömründə böyük nailiyyətlər əldə etdi. Şərqdə ilk dəfə və indi dünyanın inkişaf etmiş bir çox ölkələrindən əvvəl qadınlara seçmək, seçilmək hüququnu tanıdı. Azərbaycan Xalq Cümhuriyyəti elm, təhsil və digər sahələrdə böyük uğurlara imza atdı. Milli ordu, milli pul, milli bank, azad seçkilər, beynəlxalq əlaqələr, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycan istiqlalının rəsmi şəkildə tanınması, iqtisadi islahatlar, Bakı Dövlət Universitetinin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin adı ilə bağlıdır.