Xarici İşlər Nazirliyi Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin Prezident İlham Əliyev və Baş nazir Nikol Paşinyanla ikinci üçtərəfli görüşün yekunlarına dair bəyanat yayıb.
Bildirilir ki, Şarl Mişel Avropa İttifaqının gərginliyin aradan qaldırılmasında yaxından işləmək və regionda yaşayan bütün insanların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqazı təşviq etmək üçün Ermənistan və Azərbaycan ilə əməkdaşlığı dərinləşdirməyə sadiqliyini bir daha vurğulayıb. Şarl Mişel həm Prezident İlham Əliyevin, həm də Baş nazir Nikol Paşinyanın ölkələri arasında sülh sazişinə doğru sürətlə irəliləmək istəyini qeyd edib. Bu məqsədlə xarici işlər nazirlərinə bütün zəruri məsələləri əhatə edən gələcək sülh müqaviləsinin hazırlanması üzərində işləmək tapşırığının verilməsi qərara alınıb.
“Avropa İttifaqı öz İqtisadi və İnvestisiya Planına uyğun olaraq və ümumi layihələri müəyyən etmək üçün təklif olunan iqtisadi məsləhət forumundan istifadə etməklə qarşılıqlı əlaqələrin inkişafına dəstək verməyə hazırdır. Liderlər görüşlərinin nəticələrini izləmək və qarşılıqlı əlaqəni davam etdirmək barədə razılığa gəliblər”, - deyə Xarici İşlər Nazirliyinin bəyanatında bildirilir.