XIX əsrin əvvəllərindən başlayaraq Qafqazda kütləvi şəkildə məskunlaşdırılan ermənilər az sonra bölgəni sözün əsl mənasında qan çanağına döndərdilər. Onların “Böyük Ermənistan” yaratmaq kimi qondarma ideyanın gerçəkləşməsi yolunda atdıqları addımlar azərbaycanlılara qarşı kütləvi qətllərin və soyqırımı aktlarının reallaşması ilə nəticələndi. Bu qanlı tarix qısa fasilələrlə bütün 20-ci əsr boyu dönə-dönə təkrarlandı.
1918-ci ilin mart-aprel aylarında ermənilər Bakıda və digər bölgələrdə 50 mindən çox soydaşımızı qətlə yetirmişdi. Ulu Öndər Heydər Əliyevin 1998-ci il martın 26-da imzaladığı fərmanla martın 31-nin Azərbaycanlıların Soyqırımı Günü elan edilməsi uzun illər gizli qalan tarixi həqiqətləri də gün üzünə çıxartmışdı. 2007-ci ildə Qubada aşkar olunan kütləvi məzarlıq isə 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübut etdi. Quba Soyqırımı Memorial Kompleksinin yaradılması erməni millətçilərinin cinayətkar əməllərinin dünya ictimaiyyətinə çatdırılması məqsədilə atılan mühüm addımlardan biri idi.
XX əsrin sonlarında ermənilərin Xocalıda törətdiyi soyqırımı da erməni faşistlərinin mənfur simasının, yüz illər boyu xalqımıza qarşı yürütdüyü soyqırımı siyasətinin daha bir nümunəsi idi. Amma məsələ bununla da bitmədi. Ermənilər Birinci Qarabağ savaşı dövründə çox cinayətlərə, soyqırımılara əl atdılar. Kəlbəcərdə tunel yolunda, Başlıbel kəndində dinc insanları kütləvi şəkildə qətlə yetirdilər. Qaradağlıda, Malıbəylidə, Quşçularda, Ballıqayada onlarla insanımız erməni faşizminin qurbanı oldu.
Prezident İlham Əliyev 18.09.2013-cü ildəki çıxışında daha bir vacib məqama toxunmuşdu: “Gələcəkdə bu faciələrdən sığortalanmaq üçün erməni faşizminə dünya miqyasında mütləq layiqli qiymət verilməlidir”.
O tarix gəldi. Prezident İlham Əliyevin qətiyyətli mövqeyi, Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki rəşadəti ilə Azərbaycan öz torpaqlarını erməni işğalından azad etdi. Azad torpaqlarımızdan tapılan kütləvi məzarlıqlar Birinci Qarabağ müharibəsində ermənilərin törətdiyi cinayətlərin bariz nümunəsi, eyni zamanda azərbaycanlılara qarşı soyqırımı siyasətinin davamlı olmasını təsdiq edən yeni faktlardır. Xocavəndin Edilli kəndində, eləcə də Fərrux yüksəkliyində aşkar edilən insan qalıqları erməni vəhşiliyini sübut edən həqiqətlərdir.
“Görün, biz kimlərlə üz-üzə idik və biz kimi məğlub etmişik? Bu, təkcə ərazi bütövlüyümüzün bərpası deyil, erməni faşizminin belinin qırılmasıdır. Biz bölgəni erməni faşizmindən xilas etdik, dünyanı erməni faşizmindən xilas etdik”, - deyə Prezident İlham Əliyev 20 noyabr 2020-ci ildə qeyd etmişdi.
Deməli, tarixi qələbəmiz Azərbaycanın varlığı və daim yaşaması naminə qurban gedən bütün soydaşlarımızın ruhuna və xatirəsinə şanlı ehtiramdır.
Firuzə Nadir