Ölkə başçısının sərəncam və tapşırıqlarına əsasən, Bakıda nəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrası davam etdirilir. Bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulur.
AZTV.AZ xəbər verir ki, Asif Məhərrəmov küçəsinin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Küçənin yenidən qurulması ilə bu problem geridə qalır. Əsaslı şəkildə təmir olunan küçənin uzunluğu 1.1 km, eni isə 20 m-dir. Vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkəti üçün mövcud piyada səkiləri bərpa edilir. Küçə boyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib. Hazırda asfaltlanma işləri aparılır.
Təmir-tikinti işlərinin qısa müddət ərzində yekunlaşdırılması nəzərdə tutulur.