Oktyabrın 4-də Böyük Britaniyanın Press Association agentliyinin (PA Media Qroup) baş icraçı direktoru Klayv Marşal Teleradio Akademiyasının qonağı olub.
Akademiyanın rektoru Faiq Hüsiyev qonağı salamlayaraq, onun bu tədris ocağının dinləyiciləri və AzTV əməkdaşları ilə öz fikirlərini bölüşməsini önəmli hadisə adlandırıb.
Dəfələrlə Bakıya gəldiyini qeyd edən K.Marşal rəhbərlik etdiyi agentlikdə 240 jurnalistin, reportyorun və fotoqrafın çalışdığını, eləcə də bazar iqtisadiyyatının və oxücuların tələbatına uyğun hərəkət etdiklərini bildirib. Əsasən Britaniyanın daxili məsələlərini işıqlandırdıqlarını vurğulayan icraçı direktor informasiya texnologiyalarının, sosial medianın sürətlə inkişaf etdiyi mövcud durumda ənənəvi medianın qarşılaşdığı problemlərdən də danışıb.
O, TV reportyorlarına çox çalışmağı tövsiyə edib: “”İndi gənclər saat 20.00-da hansısa proqramın göstərilməsini gözləmirlər. Onlar istənilən yerdə dərhal informasiya almağa üstünlük verirlər. İnsanların diqqətini cəlb etmək üçün çox çalışmalısınız. Bütün xəbərlərdə obyektivlik və balans olmalıdır”.
Görüş tədbir iştirakçılarının suallarının cavablandırılması ilə yekunlaşıb.