Ali məktəblərdə ödənişli təhsil alan tələbələrin təhsil xərci problemini aradan qaldırmaq üçün “Təhsil kreditləri haqqında” qanun layihəsi hazırlanır. Layihə üzərində işlər davam etdirilir və Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılacaq.
Məlumata görə, 2018/2019-cu tədris ili üzrə ali məktəb tələbələrinin sayı 157 min 662 nəfər təşkil edib. Onlardan 106 min 698-si ödənişli əsaslarla oxuyanlardır. “Təhsil kreditləri haqqında” qanun layihəsi həmin tələbələrin təhsil haqlarını qarşılamağa və gələcəkdə bu kreditlərin güzəştli şərtlərlə geri ödənilməsinə hesablanıb.
Qanun layihəsi hazırlanarkən dünya təcrübəsinə də müraciət ediləcək. Faizlərin minimal səviyyədə olması tələbələrin gələcəkdə bu kreditləri rahat ödəməsinə şərait yaradır.
Ekspertlər qeyd edir ki, ödənişli təhsil bəzi tələbələr üçün həm işləmək, həm də təhsil almaq zərurətini meydana gətirir. Lakin “Təhsil krediti haqqında qanun”un qəbulu onların 4 illik təhsil müddətində daha çox dərslərinə vaxt ayırmalarına şərait yaradacaq.
Ümumulikdə, bu tədris ilində ali məktəblərə təxminən 43 min 500- abituriyent qəbul olub. Onlardan 26 minə yaxını ödənişli əsaslarla təhsil alacaqlar.
Niftulla Məmmədli