Azərbaycan vətəndaşları qanunvericilik təşəbbüsü ilə çıxış edə biləcək.
AZTV.AZ xəbər verir ki, bununla bağlı “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi hazırlanır. Sənəd ikinci oxunuşda Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin iclasında müzakirə olunub və məqbul sayılıb.
Yeni hazırlanan 10 maddədən ibarət “Azərbaycan Respublikası vətəndaşlarının qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydası haqqında” qanun layihəsi vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə etməsi qaydasını müəyyənləşdirəcək və bu sahədə yaranan münasibətləri tənzimləyəcək. Layihəyə əsasən, Milli Məclisə qanunvericilik təşəbbüsü ilə sənəd təqdim etmək hüququ Azərbaycanın seçki hüququ olan 40 min vətəndaşına mənsub olacaq.
Seçki hüququ olan ən azı 300 nəfər vətəndaş tərəfindən vətəndaşların qanunvericilik təşəbbüsü hüququndan istifadə ilə bağlı təşəbbüs qrupu yaradılacaq. Qrup fəaliyyəti dövründə yalnız bir layihə təqdim etmək təklifini irəli sürə bilər.
Vətəndaşların qanunvericilik təşəbbüsü qaydasında təqdim etdiyi qanun layihəsində dövlət büdcəsi, dövlət rüsumu, vergilər və gömrük işi, əmək haqqının məbləği və onun ödənilməsi qaydası, cinayət və ya inzibati xətalar, ailə münasibətləri, ərazi quruluşu və inzibati ərazi bölgüsü, dövlətlərarası və Azərbaycanın qanunlarından fərqli qaydalar nəzərdə tutan hökumətlərarası müqavilələrin təsdiq və ləğv edilməsi məsələləri nəzərdə tutula bilməz.
Südabə Cahangirli