Bu gün Laçının işğaldan azad edilməsindən bir il ötür.

28 il düşmən tapdağında qalan Laçın nəhayət ötən il 44 günlük Vətən müharibəsində qazanılan zəfər nəticəsində əsarətdən xilas oldu. Azərbaycan Prezidenti İlham Əliyevin, Rusiya Prezidenti Vladimir Putinin və Ermənistanın Baş naziri Nikol Paşinyanın 2020-ci il noyabrın 10-da imzaladıqları bəyanata əsasən, ötən ilin bu günü Laçın rayonu Azərbaycana təhvil verildi. Azərbaycanın cənub-qərbində dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir.

Rayonun əhalisi 1 yanvar 2019-cu il tarixə olan statistikaya əsasən, 77 600 nəfər olmaqla respublikanın 57 şəhər və rayonunda müvəqqəti məskunlaşıb. Ermənistanın işğalı nəticəsində Laçından olan 264 nəfər şəhid olub, 65 nəfər girov götürülüb, 103 nəfər əlil olub.

Bu gün həm də Laçının əsl sahiblərinin məcbüri köçkün adından qurtulduqları gündür. 28 il Vətən həsrəti ilə yaşayan laçınlılar indi doğma yurda dönəcələri günü səbirsizliklə gözləyirlər.