Böyük Britaniya parlamentinin Lordlar Palatasının üzvü Lord Deyvid Evans yerli hökumətə ölkəsinin Azərbaycanın minalardan təmizləmə üzrə səylərinə bu günədək necə dəstək verdiyi, eləcə də bundan sonra hansı dəstəyi göstərəcəyi ilə bağlı yazılı sual ünvanlayıb.

Britaniya xarici işlər və inkişaf nazirinin müavini Lord Qoldsmit parlamentarinin sualına cavab olaraq bildirib ki, ölkəsi  minalar məsələsi ilə bağlı necə dəstək göstərə biləcəyinin müəyyən edilməsi üçün 2021-ci ilin iyununda Britaniyanın Müdafiə Nazirliyi Azərbaycana partlayıcı silahlarla mübarizə üzrə mütəxəssis göndərib.

Sentyabrda isə Britaniya XİN-in Avropa qonşuluğu və Amerika regionu üzrə dövlət naziri Vendi Morton regionda mövcud mina probleminin aradan qaldırılması istiqamətində zəruri addımların atılması üçün ölkəsinin BMT-nin İnkişaf Proqramına 500 min funt sterlinq maliyyə yardımı ayırdığını elan edib. Bu maliyyə vəsaiti Azərbaycanda minalardan təmizləmə işlərinə dəstək vermək məqsədilə bu sahə üzrə təlimlərin keçirilməsinə və mütəxəssislərin cəlb edilməsinə xərclənəcək.