Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Ermənistan Təhlükəsizlik Şurasının iclasında bu ölkənin Baş naziri Nikol Paşinyanın söylədiklərini şərh edib.
Bildirilir ki, son zamanlar Ermənistanın təxribatlarına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər görülür.
"Noyabrın 9-u Ermənistan silahlı qüvvələrinin 60-a yaxın şəxsi heyətinin Laçın rayonunun Qaragöl istiqamətində Azərbaycan Ordusunun mövqelərinə aparan yol üzərində cəmləşməsi, 13 noyabrda Ermənistan silahlı qüvvələrinin Kəlbəcərdəki Azərbaycan Ordusunun mövqelərini atəşə tutması, habelə 14 noyabrda Ermənistan silahlı qüvvələrinin iki dövlətin sərhədinin Laçın rayonunu istiqamətində cəmlənərək növbəti təxribata hazırlığına cavab olaraq Azərbaycan tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Azərbaycan hərbçiləri ölkəmizin suveren ərazilərində xidməti vəzifələrini yerinə yetirirlər. Mövcud gərginliyə görə başlıca məsuliyyət bilavasitə Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür", - deyə XİN rəsmisinin açıqlamasında vurğulanır.