Azərbaycan Cenevrədə keçirilən Ümumdünya Əqli Mülkiyyət Təşkilatına üzv dövlətlərin Baş Assambleyasının 59-cu sessiyasında təmsil olunur. Sessiyada Azərbaycanın əqli mülkiyyət sahəsində inkişafı, beynəlxalq əməkdaşlığın genişləndirilməsinin ölkəmizdə prioritet istiqamətlər kimi qəbul edildiyi və dövlət başçısının bu sahədə həyata keçirilən bütün tədbirləri dəstəklədiyi bildirildi.
192 dövlətdən mindən çox təmsilçinin iştirak etdiyi sessiyada çıxış edən Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov bildirdi ki, "Doing Business-2019" reytinqinə görə, Azərbaycan 190 ölkə arasında 25-ci yeri tutur. Dünya İqtisadi Forumunun məlumatları da ölkənin inamlı innovasiyalı inkişafına sübutdur. Azərbaycan "Əqli mülkiyyətin mühafizəsi" subindeksinə görə 36-cı, qanunvericiliyin effektivliyinə görə 22-ci, hökumətin gələcəyə yönəlmiş fəaliyyətinə görə isə 20-ci yeri tutur. Bildirildi ki, Azərbaycanda Əqli Mülkiyyət Agentliyi yaradılıb, bu agentliyin mandatı həm müəlliflik hüquqları və əlaqəli hüquqlar sahəsini, həm də sənaye mülkiyyəti sahəsini əhatə edir.
Oktyabrın 9-dək davam edəcək sessiyada təşkilatın rəhbər komitəsinə, Bern Konvensiyası Assambleyasına yeni üzvlər seçiləcək, eləcə də yeni baş direktorun seçilməsi məsələsinə də baxılacaq.
Nemət Əkbərli
Azərbaycan Televiziyasının Qərbi Avropa bürosu
Cenevrə, İsveçrə