Artıq xəbər verdiyimiz kimi, Avropa Şurasının Parlament Assambleyasının payız sessiyası öz işinə başlayıb.

Avropa Şurası Parlament Assambleyasının Payız sessiyasında bütün qitəni maraqlandıran bir sıra mühüm məsələlərin müzakirəsi nəzərdə tutulub. Avropaya üz tutan afrikalı qaçqınların Aralıq dənizində kütləvi ölümünün qarşısının alınması, şuraya üzv ölkələrdə Ombudsman aparatlarının fəaliyyəti, terrorizmdən zərərçəkən insanlara dəstək bu mövzulardan yalnız bir neçəsidir. Bundan əlavə, Fransa prezidenti Emmanuel Makronun Avropa Şurası Parlament Assambleyasının payız sessiyasında çıxışı gözlənilir. Ölkəmiz üçün xüsusi əhəmiyyətə malik məsələlər sessiyanın gündəminə gətiriləcək.

Payız Sessiyasının ilk günündə Fransanın Xarici işlər və Avropa məsələləri üzrə dövlət katibi Ameli dö Monşalen ölkəsinin Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə bağlı hesabat təqdim etdi.  Hesabatın müzakirəsi zamanı Avropa regionunda yaşayan qaçqın və məcburi köçkünlərin taleyi də gündəmə gətirildi. Azərbaycanlı məcburi köçkünlərin vəziyyətindən danışıldı.

Avropa Şurası Nazirlər komitəsi, azərbaycanlı məcburi köçkünlərin doğma torpaqlarına qayıtması üçün hansı addımları atır? İşğalçı tərəfdən öz öhdəliklərini yerinə yetirilməsi tələb edilirmi? -  suallarına fransalı diplomatın cavabı belə oldu:

“Avropa məhkəməsi Azərbaycanlı məcburi köçkünlərin hüquqları ilə bağlı artıq bir-neçə qərar çıxarıb. Avropa Şurası Nazirlər Komitəsi bu qərarların icrasını diqqətlə izləyir. Biz münaqişə ilə bağlı ATƏT-in Minsk qrupunun fəaliyyətini də diqqətlə izləyirik. Hesab edirəm ki, münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar davam etdirilməlidir və bu danışıqlar yekunda məcburi köçkünlərin öz evlərinə qayıtmasına gətirib çıxarmlıdır”.

Avropa Şurasında Ermənistanın işğalçılıq siyaətinə dair qəbul edilən sənədlər bir daha avropalı parlamentarilərə xatırladıldı. Bildirildi ki, əgər qurumun sənədləri yalnız kağız üzərində qalırsa, işğalçı tərəfə təzyiqlər edilmirsə bu, təşkilatın hələ də  ikili standartların  əsirliyində olmasından xəbər verir. Erməni deputatların Azərbaycana qarşı növbəti qərəzli iddiaları isə dəqiq faktlarla ifşa edildi.

Səməd Seyidov - Azərbaycanın Avropa Şurasın Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri:

“Avropa Şurası Parlament Assambleyasının prezidenti Lilian Mauri Paskye də daxil olmaqla qurumun üç nümayəndəsi bu yaxınlarda Azərbaycana səfər edib. Onların hər üçü Azərbaycanın insan hüquqlarının təmin edilməsi istiqamətində atdığı addmları alqışlayırlar. Biz tezliklə uşaq hüquqlarının pozulmasına qarşı  konvensiyanı ratifikasiya etməyə hazırlaşırıq. Biz insan hüquqlarına dair İstanbul Konvensiyasını  imzalamaq ərəfəsindəyik. Bütün bu konstruktiv addımlar Avropa Şurasında yüksək qiymətləndirilir. Erməni deputatlara xatırlatmaq istəyirəm ki, bura qonşu ölkələrə qarşı aqressiya nümayiş etdirmək, nifrət aşılamaq, böhtan atmaq yeri deyil”.

Dağlıq Qarabağ münaqiəsilə bağlı Azərbaycanın haqlı mövqeyi payız sessiyasının qarşıdakı günlərində də avropalı parlamentarilərin diqqətinə çatdrılacaq.

Elzar Ağayev

Azərbaycan Televiziyasının Qərbi Avropa bürosu

Strasburq - Fransa