Erməni işğalından azad edilən Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən qədim alban məbədi uzun illərdən sonra əsl sahibləri olan udilər tərəfindən ziyarət edilib.
Alban-Udi Xristian Dini İcmasının üzvləri noyabrın 4-də ata-babalarından miras qalan Ağxaç kilsəsində olublar. Onlar burada dini ayin icra edərək, şamlar yandırıb, dualar oxuyublar.
İcmanın sədri Robert Mobili açıqlamasında bildirib ki, bu kilsə qədim alban mədəniyyətinə məxsus tikilidir: “Hadrut qəsəbəsində iki qədim alban məbədi var. Bunlardan biri Çinarlı kəndində yerləşən Ağxaç kilsəsidir, X əsrə aiddir. Digəri isə Müqəddəs Məryəm Ana kilsəsidir. O kilsə isə XII əsrdən qalan alban mədəniyyətinin yadigardır. İşğal ərəfəsində ermənilər kilsədə saxtakarlıq etməklə bəzi dəyişikliklərlə buranı özününküləşdirməyə çalışıblar. Erməni dilində yazılar yazıblar, altar hissəni dəyişiblər. Lakin nə etsələr də, daşlar üzərindəki tarixi dəyişə bilməzlər. Artıq tarixi ədalət bərpa olunub. 30 il müddətində torpaqlarımız erməni işğalında olduğu kimi, dini məbdələrimiz də əsirlikdə idi. Lakin müzəffər ordumuzun gücü sayəsində artıq kilsələrimiz də azadlıqdadır”.
Prezident İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad edilən ərazilərdə geniş bərpa-quruculuq işlərinin aparıldığını söyləyən R.Mobili əmin olduğunu vurğulayıb ki, bütün tarixi-mədəni, dini abidələrimiz, o cümlədən məbədlərimiz tezliklə bərpa ediləcək.
Qeyd edək ki, Xocavənd rayonunun Hadrut qəsəbəsində yerləşən alban kilsələri Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən ölkə əhəmiyyətli abidə kimi qeydiyyata alınıb.