Peru Konqresi Azərbaycanın müstəqilliyinin bərpasının 30 illiyi ilə əlaqədar bəyanat qəbul edib.

Sənəddə 1918-ci ilin 28 may tarixində müsəlman şərqində ilk parlamentli respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin yaradıldığı, iki il sonra isə Cümhuriyyətin bolşevik işğalına məruz qaldığı, lakin Azərbaycan xalqının öz tarixi dövlətçilik irsini unutmadığı və 1991-ci ildə ikinci dəfə müstəqillik əldə edərək özünü Cümhuriyyətin varisi elan etdiyi bildirilir.

Eyni zamanda bəyanatda qeyd edilir ki, bu ilin 18 oktyabrında qardaş ölkə Azərbaycan öz müstəqilliyinin bərpasının 30 illiyini qeyd edib.

Bəyanatda Azərbaycanın 30 il ərzində öz müstəqilliyi və suverenliyini möhkəmləndirdiyi, habelə beynəlxalq aləmdə müxtəlif din və mədəniyyətlərin birgəyaşayışı üçün model ölkə kimi qəbul edildiyi də bildirilir.