Azərbaycannda ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı başlayıb. Oktyabrın 1-dək keçiriləcək tədbirlərdə Nəsimi poeziyası, böyük mütəfəkkirin fəlsəfi ideyaları müxtəlif incəsənət növləri və onların ahəngi vasitəsilə tərənnüm ediləcək.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə reallaşan ikinci Nəsimi – şeir, incəsənət və mənəviyyat Festivalı dahi Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin yaradıcılığının tədqiqi və təbliği, onun fikir və düşüncələrinin müasirlikdə əksini izləmək məqsədi daşıyır. Bu festival ilk dəfə ötən il sentyabrın 27-dən 30-dək keçirilib. Budəfəki festival həm də şairin 650 illik yubileyinə təsadüf edir. Xatırladaq ki, Prezident İlham Əliyevin Sərəncamı ilə Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar 2019-cu il “Nəsimi ili” elan olunub.

Festivalı çərçivəsində rusiyalı alim Aleksey Sitnikovun “Karmalogic (Karma məntiqi). Taleyin 54 qanunu” mövzusunda mühazirəsi dinlənilib. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva tədbirdə iştirak edib.

Qeyd edək ki, Aleksey Sitnikov Moskva Dövlət Universitetinin, Rusiya İctimai Xidmət Akademiyasının, Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunun, Dövlət İdarəetmə Akademiyasının, “Ali İqtisadiyyat Məktəbi” Milli Tədqiqat Universitetinin professorudur. O, 60-dan çox nəşr və tədqiqatın, 11 monoqrafiya daxil olmaqla, psixologiya, akmelogiya, siyasi elmlər, PR üzrə təcrübi işlərin müəllifi və həmmüəllifidir. Rusiyanın ən böyük tədqiqat mərkəzi İSANT-ın (Vəziyyət Təhlili və Yeni Texnologiyalar İnstitutu) təsisçisidir.

Festival çərçivəsində Bakıda Şirvanşahlar Sarayında "İrfani sirlər" adlı sərgi də açılıb. Saray ərazisini əhatə edən ekspozisiyada mənəvi həyat və ruh təkamülünün sirlərinə həsr olunan videoart, qrafika nümunələri, instalyasiya və kinetik obyektlər təqdim edilir. Bu sərgi “Reinkarnasiya” incəsənət layihəsinin ideyasından irəli gələrək yaradılıb. Layihə müasir incəsənət vasitəsilə Azərbaycanın mədəni irs abidələrini yenidən canlandırmaq məqsədi daşıyır. Sərgi çərçivəsində, həmçinin İçərişəhərin tarixi divarlarında İmadəddin Nəsiminin 50 beyti QR kod ilə öz əksini tapacaq.

Festival çərçivəsində Nəsiminin 650 illiyinə həsr olunan Beynəlxalq xalça eskizi müsabiqəsinə də yekun vurulub. Azərbaycan, Fransa, İtaliya, Hindistan, Rusiya və digər ölkələrdən 35 rəssam Nəsimi yaradıcılığını fırça və boyalarla ifadə etməyə çalışıblar. Mədəniyyət naziri Əbülfəs Qarayev bildirdi  ki, ölkəmizdə Nəsiminin 650 illiyinin yüksək səviyyədə qeyd olunması onun dünya ictimaiyyətinə daha yaxından tanıdılmasına xidmət edir. Qaliblərin eskizləri əsasında muzeyin Ənənəvi texnologiya şöbəsinin işçilərinin toxuduğu üç xalça kəsildi. Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan müsabiqəyə təqdim olunmuş 51 xalça eskizindən 3-ü qalib seçildi.

Nəsimi-şeir, incəsənət və mənəviyyat festivalı çərçivəsində almaniyalı mühazirəçi Mixael Hessin "Məndə sığar iki cahan...: Azərbaycanın ölməz şairi İmaədəddin Nəsimi" kitabının təqdimatı da oldu. Əsər, 1972-ci ildən etibarən, xarici dildə Nəsimi haqqında yazılmış ən böyük nəşr kimi ədibin poeziyasının və fəlsəfəsinin dünyaya təbliğinə əhəmiyyətli töhfədir. Bildirildi ki, monoqrafiya Nəsimi irsinə həm beynəlxalq alimlərin, həm də daha geniş auditoriyanın diqqətinin cəlb olunmasında böyük rol oynayacaq. Konsert proqramı ilə davam edən tədbirdə Nəsiminin qəzəllərində yazılmış muqiqilər səsləndirildi.

Festival çərçivəsində Muğam klubda Corciya Universitetinin professoru Alan Qodlasın iştirakı ilə "Xəttatlıq lövhəsi: təsəvvüfdə Tvitterin ilkin forması" adlı  mövzuda mühazirəsi də dinlənildi. Monitorda Xəttatlıq lövhəsi üzərində yazılan quran ayələri və hədisləri barədə məlumat verildi. Nəsimi fəlsəfəsi ilə keçmişə və müasir dövrə aid müxtəlif nəzəriyyə və konsepsiyalar arasında paralellər aparıldı. Tədbir mərüzə ilə davam etdi.