Daşkənddə Azərbaycan kinosu günləri keçirilib.
“Hələ keçmiş SSRİ dövründə Azərbaycan və Özbəkistan kinemotoqrafçıları arasında sıx əlaqələr olub və hazırda bu əməkdaşlığın daha da inkişaf etdirilməsi istiqamətində işlər aparılır” deyən “Özbəkkino” Milli Agentliyinin Baş direktoru Firdavs Abduxalikov bildirib ki, Daşkəndlə yanaşı, Özbəkistanın başqa şəhərlərində də Azərbaycan və Özbəkistan kinemotooqrafçılarının görüşləri keçiriləcək, ustad dərsləri təşkil olunacaq.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev vurğulayıb ki, Azərbaycan incəsənət ustaları müntəzəm olaraq Özbəkistanda keçirilən müxtəlif beynəlxalq mədəni tədbirlərdə iştirak edir və həmişə yüksək nəticələri ilə fərqlənirlər. Bildirilib ki, iki qardaş ölkə arasında əlaqələrin inkişafında mədəniyyət və kino sahəsinin rolu olduqca mühüm əhəmiyyət kəsb edir.
Azərbaycan kinosu günlərində rejissor Mirbala Səlimlinin “Qırmızı bağ”, İlqar Nəcəfin “Nar bağı”, Şamil Əliyevin “Çölçü”, Rafiq Əliyev və Cavid Təvəkkülün “Dərs” tammetrajlı bədii, Natalya Zavoznenkonun “Bakı əsrlərin aynasında”, Adil Azayın “Xəlvətdə qalmış müdrik” və Valentina Qurkalenkonun “Hüseyn Xan Naxçıvanski. Qayıdış” tammetrajlı sənədli filmləri nümayiş etdirilib.
Tədbir 4 gün davam edəcək.
Qeyd edək ki, kino günləri paytaxtla yanaşı, Səmərqənd və Almalık şəhərlərində də təşkil olunacaq.