"Prezident İlham Əliyevin sosial islahatlar proqramına uyğun olaraq, bu ilin əvvəlindən ölkəmizdə ilk proaktiv xidmət kimi pensiyaların avtomatlaşdırılmış qaydada təyinatına başlanılıb. Sosial təminat sisteminin digər sahələri üzrə də avtomatlaşdırılmış təyinat sistemlərinin qurulması işləri davam edir və bunun nəticəsində proaktiv xidmətlərin əhatə dairəsi xeyli genişləndiriləcək".

Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Anar Kərimov Dövlət Sosial Müdafiə Fondunda sosial sahədə aparılan islahatlara və qarşıda duran vəzifələrə həsr olunmuş müşavirədə bildirib.

Nazir müavini dövlət başçısının təqdim etdiyi sosial islahatlar paketi ilə minimum əməkhaqqının iki dəfəyə yaxın, minimum pensiyanın 72 faiz, sosial müavinət və Prezidentin aylıq təqaüdlərinin orta hesabla 100 faiz, məcburi köçkünlərə verilən müavinətin 50 faiz, eləcə də tələbələrin təqaüdlərinin ciddi şəkildə artırıldığını və problemli kreditlərlə əlaqədar narahatlığın aradan qaldırıldığını bildirib. A.Kərimov qeyd edib ki, həmin tədbirlər ümumilikdə 4,2 milyon vətəndaşın maddi rifahının yüksəldilməsinə xidmət edir.

Fondun direktoru Himalay Məmişov bu il oktyabrın 1-dən pensiyanın minimum məbləğinin 200 manata çatdırılmasının 750 min vətəndaşın pensiyasında əhəmiyyətli artıma imkan verdiyini, həmçinin Sərəncam və Fərmanlarla sosial müavinət və təqaüdlərin orta hesabla 600 minə yaxın vətəndaşın rifahına ciddi dəstək olduğunu vurğulayıb. O, şəhid ailələrinin, əlilliyi olan şəxslərin, sağlamlıq imkanları məhdud uşaqların və b. həssas qrupların sosial müdafiəsinin gücləndirilməsi sahəsində həyata keçirilən tədbirləri qeyd edib.

İclasda Dövlət Sosial Müdafiə Fondunun fəaliyyətində əhaliyə göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi, vətəndaş məmnunluğuna və icra intizamına əməl olunması üçün görülən işlər müzakirə edilib. Fondun qarşısında duran vəzifələrdən bəhs olunub və həmin vəzifələrin icrasının təmin edilməsi ilə əlaqədar müvafiq tapşırıqlar verilib.