Kəlbəcərin Başlıbel kəndinin bir qrup sakini doğma yurdlarına səfər edib. 28 illik ayrılıqdan sonra 30-a yaxın Başlıbel sakini bu sevinci yaşayıb.
Xarabalığa çevrilən evlər, dağıdılan qəbiristanlıq, ot basmış yollar, Barıtlı çayının səsi, Dəlidağın və Barmaqlı dağının füsunkarlığı... Bu mənzərə kənd sakinləri üçün həm sevincli, həm də kədərli idi.
Dəlidağın, Barıtlı çayının sahilində yerləşən Başlıbel kəndi Kəlbəcərin həm əhalisinə, həm də sosial iqtisadi göstəricisinə görə böyük yaşayış məntəqələrindən biri hesab olunur. 1993-cü ilə qədər toylu-büsatlı olan bu kənd erməni işğalından sonra bu gün xarabalığı xatırladır.
Ermənilər bu illər ərzində öz çirkin xislətlərinə sadiq qalaraq bu yurd yerimizi də dağıtmağa, viran qoymağa çalışıblar. Erməni vəhşiliyinə məruz qalan kəndin ilk şəhidinin qəbri də bərpa edilib.
Qeyd edək ki, 1993-cü ildə Kəlbəcər işğal olunduqdan sonra mühasirəyə düşən başlıbellilər cəmi 2 ov tüfəngi və əhalini qoruyan əsgərlərdəki bir neçə avtomat silahla düşmənə müqavimət göstəriblər. Başlıbelin işğalı zamanı erməni quldurları 27 nəfəri güllələyib, 2 sakini işgəncə ilə qətlə yetirib, 19 nəfəri isə girov götürüb. 44 günlük Vətən müharibəsində məğlub olan Ermənistan Kəlbəcəri öz sahiblərinə döyüşsüz təslim edib.
Xaliq Qurbanlı