Cəbrayıl rayonunun işğaldan azad edilməsindən bir il ötür.

30 ilə yaxın erməni işğalı altında qalan Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsinin 8-ci günündə azadlığına qovuşdu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusunun igid əsgərləri qanı-canı bahasına əsarətə son qoydular.

Ermənilər 1993-cü il avqustun 23-də işğal etdiyi rayonda daşı daş üstündə qoymayıb. Xalqın var-dövlətini, şəxsi mülkünü talayıb, tarixi memarlıq abidələrini vəhşicəsinə məhv edib. 11 və 15 tağlı Xudafərin körpüləri, türbə və məqbərələr, məscidlər dağıdılıb, meşələr yandırılıb. 1994-cü ilin yanvarında Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə Horadiz əməliyyatı zamanı Füzulinin 21 kəndi, Horadiz qəsəbəsi ilə yanaşı, Cəbrayılın Cocuq Mərcanlı kəndi də azad edilmişdi. Bu kənd cəmi bir neçə ay işğal altında qalsa da, erməni vandalları onun da altını üstünə çevirmişdilər. Lələtəpə yüksəkliyi ermənilərin nəzarətində olduğundan təhlükəsizlik baxımından kənddə məskunlaşmaq mümkün deyildi. 2016-cı ilin Aprel zəfəri və Lələtəpə yüksəkliyinin azad edilməsi ilə Cocuq Mərcanlının da təhlükəsizliyinə təminat yarandı, Prezident İlham Əliyevin sərəncamları ilə Cocuq Mərcanlıda iki mərhələdə quruculuq işləri aparıldı, cəbrayıllılar doğma yurda qayıtdılar. Bu, böyük qələbənin və böyük qayıdışın başlanğıcı idi.

Prezident İlham Əliyev 31.03.2017 tarixində demişdi: “Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək”.

2020-ci ilin Vətən müharibəsi bu deyilənlərin təsdiqinə çevrildi.

Firuzə Nadir