Azərbaycan brendi olan ASAN xidmət və "ASAN Həyat" komplekslərinin regionlarda fəaliyyəti həm də əyalətlərdə insanların sosiallaşmasına yardımçı olur. Belə mərkəzlərdə gənclər asudə vaxtlarını səmərəli keçirməklə yanaşı, müxtəlif peşələri də öyrənə bilirlər.

İmişli "ASAN Həyat" kompleksində gənclər üçün bu peşələrə yiyələnmək imkanı yaradılıb. Gənclər burada aqroservis, kompyüter mütəxəssisi, dərzilik, aktyorluq və s. kimi peşələrin incəliklərinə yiyələnə bilirlər.

"ASAN Peşə" Mərkəzi bütün növ zəruri avadanlıqlar, təlim və tədris vəsaitləri ilə təchiz olunub. Eyni zamanda, peşəkar kadrlar burada çalışmaq imkanı qazanıblar.

"ASAN Həyat" konsepsiyası "ASAN xidmət" mərkəzi ilə yanaşı, ictimai iaşə obyektlərini də özündə birləşdirir. Belə ki, vətəndaşlar operativ və nümunəvi xidmətlərlə yanaşı, buranın istirahət və əyləncə imkanlarından da istifadə edirlər.

Tezliklə ölkənin bir neçə rayonunda belə "ASAN həyat" kompleksləri istifadəyə veriləcək. Bununla da müxtəlif peşələrə yiyələnmək istəyən gənclərin sıraları bir qədər də genişlənəcək.