Vətən Müharibəsində azərbaycanlılara qarşı törədilən cinayətlərlə bağlı Baş Prokurorluqda 76 cinayət işi başlanılıb. Onlardan 39-u mülki əhaliyə qarşı törədilən cinayətlərlə bağlıdır. İkinci Qarabağ müharibəsində azərbaycanlılara qarşı törədilmiş cinayətlərə görə 24 erməni beynəlxalq axtarışa verilib.
Bu barədə baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib.
Onun sözlərinə görə, Birinci Qarabağ müharibəsi və atəşkəs dövründə hərbçilərimizə qarşı törədilən cinayətlərlə bağlı isə 300-ə yaxın Ermənistan vətəndaşı axtarışa verilib. Onların məsuliyyətə cəlbi üçün beynəlxalq müstəvidə işlər davam etdirilir.
K.Əliyev qeyd edib ki, işlər iki istiqamətdə aparılır: “Birincisi, həmin şəxslərin beynəlxalq axtarışa verilməsi, onların ədalət mühakiməsinə cəlb olunmasıdır. İkinci istiqamət isə Ermənistanın vəzifəli şəxslərinin beynəlxalq məhkəmələrə cəlb olunması, təzminat ödənilməsinə nail olmaqdır”.
Vətən müharibəsindən sonra Birinci Qarabağ müharibəsində itkin düşmüş 150-yə yaxın şəxsin meyiti aşkarlanıb. Həm Vətən müharibəsində, həm də birinci Qarabağ döyüşlərində itkin düşən şəxslərin aqibəti ilə bağlı işlər də davam etdirilir.
“Birinci Qarabağ müharibəsində itkin düşən şəxslərin sayı 4 minə yaxındır. İkinci Qarabağ müharibəsində isə 7 nəfərdir. Döyüşlərin getdiyi ərazilərdə son günlər daha bir meyit tapılıb, hazırda identifikasiyası üzrə işlər davam etdirilir. Meyitdən DNT analizi götürülüb. Çox güman ki, itkinlərin sayı 6-ya düşəcək. Bununla bağlı aidiyyəti qurumlarla əməkdaşlığımız davam edir”, - deyə baş prokuror qeyd edib.
K.Əliyev onu da əlavə edib ki, bir müddət əvvəl Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərində Rusiyanın təşəbbüsü ilə Azərbaycan, Rusiya və Ermənistanın baş prokurorlarının görüşü keçirilib. Görüşdə regionda sabitliyin təmin edilməsi, gərginliyin azaldılması ilə bağlı bəzi razılaşmalar əldə olunub.
Sabir Bilalov