Nazirlər Kabineti “Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatı Qaydası”nı təsdiqləyib.

Qaydanın tələbləri Azərbaycan Respublikasının ərazisində olan və (və ya) fəaliyyət göstərən nəşriyyatlara, qəzet və jurnal redaksiyalarına, nəşriyyat işi ilə məşğul olan poliqrafiya
müəssisələrinə və digər hüquqi şəxslərə şamil olunur.

Kitabxanaların çap məhsullarının pulsuz məcburi nüsxələri ilə təchizatına nəzarəti Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi həyata keçirir.

Aşağıdakı çap məhsulları bu qaydanın məqsədləri üçün məcburi nüsxələr hesab edilir:

- Kitab, almanax və kitabçalar;

- Dövri mətbuat materialları, qəzet və jurnallar;

- Avtoreferat, monoqrafiya və dissertasiyalar;

- Not yazıları, albom və statistik materiallar;

- Xəritə, atlas və kartoqrafik materiallar;

- Afişa, plakat və bukletlər;

- Broşür, bülleten, açıqca və poçt markaları;

- Dərsliklər, dərs vəsaitləri və proqramlar;

- Özündə elmi, ədəbi və informativ məlumatları ehtiva edən digər nəşrlər.

Reklam və təbliğat məqsədilə çap edilən bütün növ nəşr
məhsulları məcburi nüsxə hesab olunmur.

Kitabxanaları məcburi nüsxələrlə təmin edən subyektlər isə aşağıdakılardır:

- Dövlət nəşriyyatları;

- Qeyri-dövlət nəşriyyatları;

- Nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri;

- Qəzet və jurnal redaksiyaları;

- Nəşriyyat fəaliyyəti ilə məşğul olan digər hüquqi şəxslər.

Dövlət və qeyri-dövlət nəşriyyatları, nəşriyyat fəaliyyəti ilə məşğul olan poliqrafiya müəssisələri və digər hüquqi şəxslər (qəzet və jurnal redaksiyaları istisna olmaqla) tərəfindən buraxdıqları çap məhsullarının 3 pulsuz məcburi nüsxəsi 10 iş günü müddətində “Kitabxana işi haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin birinci hissəsinin birinci bəndində göstərilmiş kitabxanalara və 2 pulsuz məcburi nüsxəsi həmin Qanunun 15-ci maddəsinin birinci hissəsinin ikinci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

Qəzet və jurnal redaksiyalarının buraxdıqları qəzet və jurnalların 2 pulsuz məcburi nüsxəsi tirajın ilk buraxılışı hazırlanan kimi, bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara göndərilməlidir.

Sifarişçi ilə nəşriyyat (naşir) arasında bağlanılmış müqavilədə nəzərdə tutulduğu halda, məcburi nüsxələrin elektron variantları da bu Qaydanın 4.1-ci bəndində göstərilmiş kitabxanalara təqdim olunmalıdır.

Məcburi nüsxələr nəşrin ümumi tirajına daxildir və sifarişçinin hesabına çap olunur.

Kitabxanaların pulsuz məcburi nüsxələrlə təchizatı ilə bağlı tələblərin pozulmasına görə şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar.