Vətən müharibəsində iştirak edənlərdən biri Cəlilabadın Güneyli kəndindən olan Xəyal Abdullayevdir.
Qazi orta məktəbi bitirdikdən sonra 2015-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Əsgər kimi Aprel döyüşlərində iştirak edib. Hərbə sevgisi onu yenidən ordu sıralarına gətirib, müddətli həqiqi hərbi xidmət qulluqçusu kimi xidmətə başlayıb. Vətən müharibəsinin ilk günlərindən döyüşlərə qatılıb. Bir sıra uğurlu əməliyyatlarda iştirak edib. Döyüşlərdə 3 dəfə yaralanan Xəyal “YAŞAT” Fondunun dəstəyi ilə Türkiyədə müalicə olunub.
Qazinin atası Yaşar Abdullayev deyir ki, Xəyalın başının bir hissəsi yox idi: “Sonuncu dəfə başından güllə yarası almışdı, bir hissəsi yox idi. “YAŞAT” Fondu onu Türkiyəyə müalicəyə göndərdi, oğlum orada əməliyyat olundu. İndi yaxşıdır, gözlərində bir qədər problem qalıb, söz veriblər ki, onu da müalicə edəcəklər”.
Xəyal Abdullayev deyir ki, döyüşlərə Füzuli istiqamətindən qatılıb. Müharibənin ilk günündə ayağından qəlbə yarası alıb. Düşmənlə ağır döyüşlər zamanı başından snayperlə vurulan Xəyal döyüş yoldaşları tərəfindən təxliyə olunub: “Tabor komandirimiz vurulmuşdu, mən onun yerinə keçdim. Bilirdim ki, bir dəfə atıblarsa, yene atacaqlar, vurulacağam. Gülləm qurtarmışdı. Qalxanda alnımdan snayperlə vuruldum. Həmin yerdən məni silah yoldaşım Vüqar çıxartmışdı”.
Belə igid oğulların hesabına Azərbaycan Vətən müharibəsində qələbə qazandı. Torpaqlarımız işğaldan azad edildi.
Xəyal Abdullayev sağlamlığına qovuşub uğrunda döyüşdüyü o torpaqlara tezliklə ayaq basmaq arzusundadır.